Azərbaycan millisi yarandığı 1992-ci ildən indiyədək 276 matça çıxıb.
Sportinfo.az xəbər verir ki, bunun düz yarısı qurumun indiki prezidenti Rövnəq Abdullayevə qədər, ikinci yarısı isə onun rəhbərliyi dövrünə təsadüf edir.
Bir sözlə, 276 matçlıq tarixə malik yığmanın ekvatordan bir tərəfi Fuad Musayevlə Ramiz Mirzəyevə, ikinci hissəsi Rövnəq Abdullayevə düşür.
SOCAR-ın prezidenti vəzifəsindən ayrıldıqdan sonra AFFA-dan da gedəcəyi gündəmdə olan funksioner ilk dəfə 2008-ci il martın 14-də bu posta seçilib.
Onun prezidentliyi müddətində ilk matç 2008-ci il martın 28-də Vilnüsdə Litvaya qarşı olub. 12 gün əvvəl prezident seçilən Abdullayev həmin qarşılaşmada yığmamızın 0:1 hesablı yenilgisinə məyus olub.
Ümumiyyətlə millimiz onun prezidentliyi dövründəki 138 matçın yarısında – 69 dəfə məğlub olub. 28 qələbəsi olan komanda 41 heç-heçə edib. 113 qol vuran komandamız 205 top buraxıb.
İndiki AFFA rəhbərliyi əvvəlki 138 matçda daha az – 23 qələbə olması ilə təsəlli tapa bilər. Amma iki dövrü milyonlar ayırır. Söhbət AFFA-ya axan milyonlar və yığmaya xərclənən vəsaitdən gedir.
Bakının ən ucuz mehmanxanalarında məskunlaşıb, kələ-kötür meydanlarda toplanış keçən milli 34 heç-heçə və 81 məğlubiyyət alıb. Top fərqi isə 92-257 olub. Amma həmin milli bu qədər xarici toplanışlar və bahalı otellər görməyib (apasport.az).

