AFFA Kamran Ağayevi təcrübə keçmək məqsədilə Türkiyə və ya digər ölkələrin birinə göndərməyəcək.
Bu barədə Sportinfo.az-a açıqlamasında qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla bildirib.
Federasiya mənsubunun sözlərinə görə, yaxınlarda karyerasını başa vuran 36 yaşlı qapıçı həm əsas, həm də aşağı yaş qrupları üzrə yığmalarda çalışacaq.
10 il formasını geyindiyi Azərbaycan yığmasının heyətində 79 oyunda meydana çıxan sabiq qolkiper avtomatik olaraq “C” kateqoriyası alıb.
Onun millilərə məşqçi statusu ilə geri dönməsi üçün “B” lisenziyasına sahiblənməsi vacibdir. Bu, minimum tələbdir. Daha sonra “A” və “Pro” kateqoriyasına yiyələnmək üçün kurslara yazılmalı, imtahan verməlidir.
AFFA bu məsələləri necə və nə vaxt həll edəcək?
F.Abdulla deyib ki, AFFA-nın təklifi ilə Kamran Ağayev qapıçı məşqçiləri üçün təşkil olunan müxtəlif kurslarda iştirak edəcək.
O, eyni zamanda vurğulayıb ki, sabiq “1 nömrə”nin konkret nə zaman və hansı komandada çalışcağı yaxın günlərdə dəqiqləşəcək.

