Millinin məşqçisi Antalyada qeyd dəftərçəsinə nələr yazıb?

27 Yanvar 2022 17:40 Milli komanda 700
Millinin məşqçisi Antalyada qeyd dəftərçəsinə nələr yazıb?

“Yanvarın 18-dən 25-nə qədər təmsilçilərimizin demək olar bütün oyunlarına baxmaq imkanı qazandıq”.

Millidə Canni de Byazinin köməkçisi olan Arif Əsədov işgüzar səfərdə olduğu Antalyada gördükləri haqda fikirlərini Sportinfo.az-a açıqlamasında bildirib.

Əsədov baş məşqçinin digər köməkçisi Benito Karbone ilə birgə yollandığı qardaş ölkədə olduğu 8 gün ərzində bütün komandaları iş başında görüb ki, Canni de Byazi üçün müəyyən qeydlər hazırlayıb.

Maraqlıdır, Arif bəyin qeyd dəftərçəsində nələr yazılıb? Yeni xəbərlər nədən ibarətdir?:

“Hər komandanın 2 oyununa canlı baxdıq. Təbii ki, əsas diqqətimiz yerli futbolçularda idi. Bu cür toplanışlarda fiziki yüklənmələrin olması normaldır.

Ona görə də futbolçularda ağırlıq hiss olunurdu. Həm oyun, həm də futbolçuların hazırlığı baxımından sabitlik yoxdur. Optimal forma yığmaq üçün qarşıda vaxtları var.

Ona görə də xüsusi nəsə demək çətindir. Sadəcə, milliyə dəvət alan və namizəd futbolçuların hazırkı durumunu görmək imkanı qazandıq”.

Azərbaycan millisi martda ölkə xaricində təlim-məşq toplanışı və yoldaşlıq görüşləri keçirməyi planlaşdırır. Yığmamız Millətlər Liqasının 2022/2023 mövsümünə iyunda start verəcək.

C Liqasında yer alan seçməmiz Slovakiya, Belarus və Qazaxıstan – Moldova cütünün qalibi ilə birlikdə 3-cü qrupda mübarizə aparacaq.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti