“Yəqin ki, AFFA De Byazi ilə bağlı son qərarı verərkən, bu amili də düşünüb”

22 Dekabr 2021 20:00 Milli komanda 1 145
“Yəqin ki, AFFA De Byazi ilə bağlı son qərarı verərkən, bu amili də düşünüb”

“AFFA-nın millini yenidən əcnəbi baş məşqçiyə tapşırması mənim üçün təəccüblü olmadı.

Hər halda gedişatdan hiss olunurdu ki, federasiya yerli mütəxəssislərdən heç kimlə danışıqlar aparmır”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında millinin keçmiş müdafiəçisi Ramiz Məmmədov deyib.

O, AFFA-nın ölkənin əsas komandasını qarşıdakı 10 ay ərzində yenidən Canni De Byaziyə həvalə etməsini mövcud reallıq daxilində “optimal qərar” adlandırıb:

“Əgər danışıqlar aparılan digər xarici məşqçilərlə razılıq əldə olunmayıbsa, De Byazinin qalması daha düzgün qərardır. Çünki Millətlər Liqasının başlamasına elə də böyük zaman qalmayıb.

Artıq iyunda seçmə mərhələyə start veriləcək. İndi başqa bir əcnəbi gəlsəydi, ona daha çətin olacaqdı.

Komandanı və futbolçuları tanımaq, Azərbaycanın futbol mühitünü bilmək, mentaliteti öyrənmək - bunlar hamısı vaxt aparan işlərdir.

De Byazi artıq 2 ilə yaxındır buradadır və sadaladığım məsələlərin hamısından xəbərdardır.

Gəlin, bir məqamı da nəzərdən qaçırmayaq. Vətən Müharibəsi zamanı Azərbaycana beynəlxalq sferada ən çox dəstək verən ölkələrdən biri İtaliya olub.

Yəqin ki, AFFA De Byazi ilə bağlı son qərarı verərkən, bu amili də düşünüb.

Yenə deyirəm, vaxtın azlığını nəzərə alsaq, AFFA xarici məşqçilər arasında ona üstünlük verməklə, doğru yanaşma göstərib.

Əlbəttə, baş məşqçi postunda kimin əyləşməsindən asılı olmayaraq, mən millimizə qarşıdakı seçmə mərhələdə uğurlar arzulayıram.

Vaxtilə biz də bu formanı geyinmişik, millidə oynamağın necə qürurverici olduğunu bilirik. Bu məsuliyyətli işdə həm futbolçulara, həm də məşqçilərə uğurlar diləyirəm”.

Digər Xəbərlər
Xəbər Lenti