Dekabrın 16-da UEFA Millətlər Liqasında 2022/2023 mövsümünün püşkü atıldı.
İsveçrənin Nyon şəhərində COVID-19 pandemiyası ilə əlaqədar onlayn formatda keçirilən tədbirdə Azərbaycan millisinin də rəqibləri müəyyənləşdi.
C Liqasında yer alan Canni De Byazinin baş məşqçi olduğu kollektiv Slovakiya, Belarus və Qazaxıstan - Moldova cütünün qalibi ilə birlikdə 3-cü qrupda mübarizə aparacaq.
"Belə demək mümkünsə, kifayət qədər balanslı qrupda mübarizə aparacağıq" - Canni De Byazi püşkatmanı dəyərləndirərkən deyib.
İtaliyalı mütəxəssis Slovakiyanı qrupun favoriti adlandırıb: "Yəqin ki, bunu deməklə yeni nəsə söyləmiş olmayacağıq. Belarus və Qazaxıstan-Moldova cütünün qalibi ilə gərgin mübarizə aparacağıq. Lakin düşünürəm ki, mövsümün sonuna doğru formada olsaq, qrupda yaxşı mənada öz sözümüzü deyə bilərik".
Mİllətlər Liqasında yeni mövsümə 2022-ci il iyunun 2-də start veriləcək.
İtaliyalı çalışdırıcı püşkün nəticələrini AFFA rəsmiləri ilə də müzakirə edib. Yaxınlarda müqaviləsinin müddəti 10 ay artırılan apenninli sükançı qrupda ikinci yeri tutmağın mümkün olduğunu söyləyib. 65 yaşlı mütəxəssis Slovakiya xaricində bütün rəqiblərə həm evdə, həm də səfərdə qalib gələcəklərinə inandığını bildirib.
SPORTİNFO.AZ

