Azərbaycan millisi Canni de Byazi ilə üçüncü dəfə böyük turnirdə final mərhələsi üçün mübarizə aparacaq.
Bu barədə qərarı AFFA verib.
Assosiasiya Millətlər Liqasının 2022/23 mövsümünü italiyalı mütəxəssislə keçirməyi məqsədəuyğun sayıb.
De Byazinin əvvəlki iki sınaqdakı işindən razı qalan qurum ona uğur qazanmaq üçün 3-cü sınaqdan üzüağ çıxmaq şansı verib.
Baxmayaraq ki, komanda onunla həm Millətlər Liqasında, həm də DÇ-2022-nin seçmə mərhələsində azarkeşləri məyus edib, qrup sonuncusu olub.
AFFA İcraiyyə Komitəsi ictimai qınağı qulaqardına vuraraq, italyanla anlaşmanın müddətini daha 10 ay uzadıb.
Beləliklə, yığmamızın gələn ilin yayında start götürəcək Millətlər Liqasının yeni sezonuna 65 yaşlı çalışdırıcı ilə gedəcəyi dəqiqləşib.
Tərəflər arasında razılaşmaya əsasən, milli iyunda başlayacaq yarışda pley-off mərhələsinə vəsiqə qazanarsa, yığma AVRO-2024-ün seçmə mərhələsində də ona əmanət ediləcək.
Və belədə onun müqavilə şərtlərinə yenidən baxılacaq. İlyarımlıq fəaliyyəti dövüündə AFFA-dan 900 min avro almış De Byazinin qarşıdakı 10 ayda gəliri 200 min dollar təşkil edəcək. Millətlər Liqasında qrupdan çıxmaq mümkün olsa, qazancı əvvəlki səviyyəyə qaldırılacaq.
Apenninli çalışdırıcı ilə federasiya arasında baş tutan razılaşma ilə bağlı redaksiyamıza yeni informasiya daxil olub. Buna əsasən, De Byazi minimum 10 xal toplamağa söz verib.
O, bu öhdəliyi yerinə yetirsə, AFFA müqaviləni daha 2 il müddətinə avtomatik uzadacaq. Niyə məhz 10 xal? Milli ilk dəfə 2018-ci ildə keçirilən Millətlər Liqasında Qurban Qurbanovun rəhbərliyi altında çıxış edib.
Komanda həmin dönəmdə 9 xal yığaraq, qrupu ikinci yerdə bitirib. İndi belə demək mümkünsə, AFFA italyandan Qurbanovun rekordunu yeniləməsini istəyir.
SPORTİNFO.AZ

