De Byazinin İFŞA ETDİYİ adamlar

7 Dekabr 2021 19:40 Milli komanda 1 479
De Byazinin İFŞA ETDİYİ adamlar

Xəbər verdiyimiz kimi ötən həftə AFFA İcraiyyə Komitəsinin qərarı ilə Azərbaycan milli komandası qarşıdakı 10 ayı Canni De Byaziyə tapşırıldı.

Qərarın verilməsindən sonra bəzi federasiya rəsmiləri və Məşqçilər Komitəsinin əksər üzvləri birağızdan mətbuata açıqlamalar verdilər ki, bəs yeni müqavilədə italiyalı mütəxəssisin qarşısına milli komandanı Millətlər Liqasında pley-offa çıxarmaq kimi tələb qoyulub.

Məsələn, Vaqif Sadıqov bu tələbin qoyulduğunu konkret dilə gətiribsə, Şahin Diniyev kimisi belə bir şey oxuduğunu deməklə həmin fikrin beyinlərə hopdurulmasında mədəni (öz aləmində) vasitəçi olub. Siyahını uzatmaq da olar. Amma...

İşin amması odur ki, dünən mətbuata müsahibə verən Canni De Byazi, deyilən həmin tələbi yaxınına da buraxmayıb. Bununla həm də yuxarıda adıçəkilənlərin timsalında bu tələbi əlində şuar edən hər kəsi yalançı çıxarmış olub.

Sitat: "Ümidvaram ki, dekabrın 16-da UEFA Millətlər Liqasının püşkatmasında bizə uyğun qrup düşəcək və bu qrup 2022-ci il dünya çempionatının seçmə mərhələsinə nəzərən asan olacaq. Futbolçuları artıq daha yaxşı tanıyıram, bəzi zədəli futbolçuların da sıraya dönəcəklərinə ümidvaram. Bunları nəzərə alsaq, düşünürəm ki, bunadək etdiklərimizdən daha yaxşı nələrisə bacara bilərik. Hələlik kimlərə qarşı oynayacağımızı bilmirik. Buna görə də indidən məqsədlər barədə nə isə demək üçün çox tezdir. Qrupumuz müəyyənləşəndə öz məqsədlərimiz haqqında danışa bilərik".

Əslində italiyalı mütəxəssisin dediyində haqq var. Ki, rəqiblər məlum olmadan nə tələb?

Bu da başqa söhbətin mövzusudur ki, italiyalı mütəxəssis istənilən rəqibə "güclüdür" damğasını vura bilər. Elə həmin mütəxəssis saydığımız adamların dili ilə. Hər halda Lüksemburqu az qala İtaliya, Almaniya kimi millilərlə müqayisə edən adam(lar)dan hər şey gözləmək olar. Bu, gələcəyin işidir. Zaman göstərəcək - necə yanaşdığını, nə dediyini.

İndi isə məlum olan odur ki, əgər hər şey De Byazi deyən kimidirsə, deməli, AFFA rəsmiləri və Məşqçilər Komitəsinin bəzi üzvləri növbəti dəfə futbol ictimaiyyətinə yalan danışıb. Belə yalanlara isə bu camiyə çoxdan "doyub"!

Xanoğlan İmanov

Digər Xəbərlər
Xəbər Lenti