AFFA yığmanın baş məşqçisi ilə bağlı yeni qərarını AÇIQLADI

4 Dekabr 2021 10:40 Milli komanda 1 254
AFFA yığmanın baş məşqçisi ilə bağlı yeni qərarını AÇIQLADI

AFFA-nın İcraiyyə Komitəsinin dünənki iclasında bir sıra qərarlar qəbul olundu.

Canni de Byazinin postunda qalmasını məqsədəuyğun sayan komitə üzvləri aşağı yaş qruplarından ibarət millilərin baş məşqçiləri ilə bağlı qərar verdi.

Belə ki, qərara əsasən U-15 və U-16 yığmalarını “Neftçi”dən ayrılandan sonra işsiz qalan Füzuli Məmmədov çalışdıracaq. U-17-yə Elxan Abdullayev rəhbərlik edəcəksə, U-18-də əsas söz sahibi Aqil Nəbiyev olacaq.

Halbuki, Elxan Abdullayev buna qədər U-19-u, Aqil Nəbiyevsə U-17-ni çalışdırırdı.

Məlum yerdəyişmələrdən sonra Miloş Velebitin taleyi sual doğurur. Çünki iclasın yekunu ilə bağlı 9 qərarın heç birində U-18-in sabiq baş məşqçisi və aşağı yaş qruplarından ibarət millilərin əlaqələndiricisi ilə bağlı məlumata rast gəlmədik.

Məsələyə aydınlıq gətirmək üçün AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla ilə əlaqə saxladıq.

Qurum rəsmisi vəziyyətə bu cür şərh verdi: “Miloş Velebitin AFFA ilə müqaviləsi davam edir. O, dünənə qədər U-18-in baş məşqçisi idi.

Növbəti ildən həmin yaş qrupu U-19 kimi çıxış edəcək. Belədə Velebit də avtomatik U-19-un baş məşqçisi oldu.

Həmçinin, əvvəlki kimi aşağı yaş qruplarından ibarət yığmaların əlaqələndiricisi kimi fəaliyyətini davam etdirəcək”.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti