"De Byazi ilə yenidən müqavilənin uzadılmasına neqativ yanaşıram.
Təəssüflər olsun ki, belə qərar verildi. Açığı, o qədər də təəccüblənmədim. Çünki son zamanlar səhv qərarlar tez-tez təkrarlanır".
Bunu Sportinfo.az-a açıqlamasında AFFA-nın Canni De Byazi ilə yolları ayırmamasına münasibət bildirən futbol mütəxəssisi Bəxtiyar Musayev deyib.
Birvaxtlar Azərbaycan milli komandasının da şərəfini qorumuş sabiq yarımmüdafiəçi De Byaziyə verilən vaxta heç bir izah tapa bilmədiyini sözlərinə əlavə edib:
"Bəzi adamlar ona vaxt lazım olduğunu deyir. Mən buna etiraz edirəm. O məşqçiyə vaxt verilər ki, onun normal futbol fəlsəfəsi, oyuna müdaxilə gücü, yaxşı heyət seçimi olsun.
Sadaladıqlarımdan heç biri onda yoxdur. De Byaziyə 1 gün və ya 10 il də vaxt versən xeyri olmayacaq. Heyət seçimində böyük yanlışlara yol verir.
Ölkəmizdə vur-tut 10-15 futbolçu var. Burda zərgər dəqiqliyi ilə heyət qurulmalıdır. Layiq olmayan bir futbolçunun belə, heyətdə yer alması acı nəticələrə yol açır. Dəfələrlə buna şahid olmuşuq.
Məsələn, ikinci yarıda meydana buraxdığı oyunçu olub ki, voleybol fəndi ilə penal edib. Bir başqa futbolçu güləş fəndi ilə qapımıza penal vurulmasına səbəb olub. Son oyunda isə meydana buraxdığı oyunçu karate fəndindən sonra qırmızı vərəqə ilə cəzalandı.
Oyundan sonra da deyir ki, bəxtimiz gətirmədi, meydanda azlıqda qaldıq və ya qapımıza penal vuruldu. Axı bu futbolçuları meydana buraxan sənsən.
Gərək elə ölçüb-biçəsən belə futbolçular meydanda olmasın. Bunda futbolçuların günahı yoxdur. Günah onları meydançaya buraxandadır. Sonra da bəhanələrlə məsuliyyətdən qaçmağa çalışır".
Musayev bəzi futbol veteranlarının italiyalı mütəxəssisə inanmalarına dərin təəssüf hissini dilə gətirib:
"Mətbuatdan oxuyuram ki, İcraiyyə Komitəsində olan mütəxəssislər De Byazinin qarşısına Millətlər Liqasında qrupdan çıxmaq tələbi qoyulduğunu deyir.
Federasiyada oturan futbol mütəxəssislərimizin heç bir potensialı olmayan italiyana inanmalarına, güvənmələrinə çox təəssüf edirəm".
Xanoğlan İmanov