AFFA İcraiyyə Komitəsinin növbəti iclasının vaxtı müəyyənləşib.
Toplantı dekabrın 2-də baş tutacaq.
İclasın gündəliyinə daxil edilən məsələlərin başında millinin baş məşqçisi Canni de Byazinin hesabatının dinlənilməsi gəlir. Yığmanın sükançısının kimliyi ilə bağlı burada müzakirə aparılacaq.
İtaliyalı çalışdırıcının AFFA ilə müqaviləsinin müddəti dünən başa çatıb. O, hələ də Bakıdadır. 65 yaşlı mütəxəssis son günlərdə bir neçə dəfə federasiya rəsmiləri ilə görüş keçirib. İlyarım müddətdə yığmanı idarə edən apenninli onlardan ürəyindən keçən cavabı alıb. Qurum nümayəndələri onu əmin eləyib ki, AFFA işbirliyinin müddətinin yenilənməsinə tərəfdardır. Hətta De Byazini inandırıblar ki, İcraiyyə Komitəsinin əksər üzvləri ilə «praflaktik söhbət» aparılıb və onların da bu məsələdə razılığı alınıb.
Son anda başqa hansısa qeyri-adi hadisə baş verməsə, yəni, «yuxarı»dan fərqli göstəriş gəlməsə, italiyalı ilə müqavilə yenilənəcək. Növbəti sözləşmənin müddəti 1 il təşkil edəcək.
Burada hər şeyi qarşıdakı turnirin nəticələri müəyyənləşdirəcək. Dekabrın 16-da UEFA Millətlər Liqasında 2022/2023 mövsümünün püşkü atılacaq. Əvvəlki mövsümlərdə olduğu kimi, A, B və C Liqalarının hərəsində 16 yığma, D Divizionunda isə 7 komanda mübarizə aparacaq.
C Liqasında yer alan Azərbaycan püşkatmaya 3-cü səbətdən qatılacaq.
Millətlər Liqasında yeni mövsümə 2022-ci il iyunun 2-də start veriləcək.
SPORTİNFO.AZ

