Azərbaycan millisi 2021-ci ilin son oyunun Qətərə qarşı keçirdi.
Bunadək DÇ-2022-nin seçmə mərhələsində ardıcıl 4 matçda 3 qol buraxmaqla uduzan komandamız ərəblərlə yoxlama oyununda da azarkeşləri sevindirə bilmədi.
Müdafiəçilərin kobud səhvindən yararlanan asiyalılar qarşılaşmada ilk qola imza atdı. Yığmamız fasiləyədək hesabda tarazlıq yaratdı.
Bombardirlik keyfiyyətləri ilə seçilən Emin Mahmudov penaltini dəqiq yerinə yetirdi – 1:1. İkinci hissədə daha bir qol vuran yarımmüdafiəçi yığmamızı hesabda önə çıxardı.
Lakin üstünlüyünü qoruya bilməyən komandamız yekunda heç-heçə ilə kifayətləndi – 2:2. Bununla da 4 oyunluq məğlubiyyət seriyası başa çatan milli 2021-ci ilə sülhlə yekun vurdu.
Adətən, bu cür matçlara böyük mükafat qoyan AFFA rəhbərliyi öz «ənənə»sini pozub. Komanda üzvləri federasiyanın 10 min manat ödəyəcəyini gözləsələr də, onlara bildirilib ki, 1 qara qəpik də verilməyəcək.
Çünki qurumun prezidenti Rövnəq Abdullayev nəticə ilə yanaşı, sərgilənən futboldan da razı qalmayıb.
SPORTİNFO.AZ