“Əskisi tüstülü”, yoxsa futbolçuların dostu? – Baş məşqçi postuna namizədlər...

20 Noyabr 2021 22:20 Milli komanda 1 247
“Əskisi tüstülü”, yoxsa futbolçuların dostu? – Baş məşqçi postuna namizədlər...

Hadisələrin məntiqi axarı AFFA-nın Canni de Byazi ilə yola davam etməyəcəyini göstərir.

Türkiyəli çalışdırıcıların yerli mediaya verdiyi açıqlamaların üstünə italiyalı çalışdırıcının son mətbuat konfranslarındakı lirik notları gələndə, assosiasiyanın inzibati binasında hansı müzakirələrin aparıldığından duyuq düşmək çətin deyil.

Dünya tərsinə dönməsə, İcraiyyə Komitəsinin yaxın günlərdəki iclasından sonra Canni ilə yollar ayrılacaq.

Onu kimin əvəzləyəcəyi son bir ayda tapmaca olub, düşüb dillərə.

AFFA-dakıların əcnəbi həvəsində olması daha inandırıcı görünür. İllərdir cızılan plan üzrə hərəkət edən rəsmilərin növbəti gəlməyə bel bağlayacağı halda, barmağımızı dişləməyə gərək qalmayacaq. Sürpriz olmayacaq.

Azərbaycanlıların – milli üzvlərinin, azarkeşlərin, jurnalist və mütəxəssislərin böyük əksəriyyətinin yığmanın “sükanı” arxasında görmək istədiyi adam yerli məşqçilərdən biridir.

İki real namizədin adı hallanır. Biri Tərlan Əhmədovdur, o biri Rəşad Sadıqov.

Hər ikisinin özünə görə ətrafı, təbliğat maşını, qısası, irəli dartanı var. Bu, sosial şəbəkələrdə və saytlarda aşkar görünməyə başlayıb.

Bir dəstə Sadıqovun xidmətində maraqlıdırsa, digər qisim Əhmədovun millinin “sükanı” arxasında uğurlu olacağını iddia edir.

Hər ikisi sərt məşqçi xarakterinə sahibdir. Hər ikisi öz dövrünün sayılıb-seçilən futbolçularından olub. Hər ikisi millinin kapitan sarğısını daşıyıb.

Hər ikisi jurnalist və azarkeşlərlə ünsiyyət qurmaq bacarığına sahibdir. Hər ikisi tələbkardır.

Aralarında 11 yaş fərqini saymasaq, bir-birinə bənzərlikləri çoxdur. Ona görə də“Əhmədov, yoxsa Sadıqov” sualı ətrafında düşünmək xeyli vaxt tələb edir.

Sadıqovun hazırda millinin şərəfini qoruyanların əksəriyyəti ilə komanda yoldaşı olub, ya da onlara qarşı oynayıb. Məşqçi-futbolçu münasibətindən başqa, həm də, dost əlaqələri var.

Hansı xarakterə sahib olduğunu isə hamı gözəl bilir. Bircə futbolçu karyerasına söykənən özündənrazılığı var ki, məşqçi kimi püxtələşdikcə dəyişər yəqin.

Əhmədova gəlincə, qəlyan həvəskarı kimi ad çıxaran 50 yaşlı çalışdırıcının adı bir neçə il əvvəl komandasının Antalyada məskunlaşdığı otelə qadın gətirməkdə hallanmışdı.

Daha doğrusu, bu səhvə yol vermişdi. Üstündən bir müddət keçəndən sonra “Neftçi”ni çalışdırıcısı kimi adı “Keşlə”dən oyun “almaqda” hallandı və bu hadisədə Nizami Hacıyevlə Mirhüseyn Seyidov “qurban” oldu, baş məşqçinin ətrafındakılar “təmizləndi”.

İllərlə cavabını tapa bilmədiyimiz bir sual var ki, bu da Əhmədov-milli mövzusunda çaşqınlıq yaradır. Tərlan bəy “Neftçi”ylə “Keşlə”yə uğur qazandırdığı halda, mövsüm bitən kimi niyə yola salındı?

Komandanı uğura daşıyan məşqçiyə heç nədən niyə qapını göstərdilər axı?

İndi suala birlikdə cavab tapaq: “Əskisi tüstülü” Tərlan Əhmədov, yoxsa futbolçuların sevimlisi Rəşad Sadıqov?

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti