"Oynayırıq, istəyirik, can qoyuruq və uduzuruq… Çox pis təsir edir adama"

17 Noyabr 2021 14:40 Milli komanda 618
"Oynayırıq, istəyirik, can qoyuruq və uduzuruq… Çox pis təsir edir adama"

Millinin sıralanan məğlubiyyətlərinə əsəbi reaksiya verən futbolçuların başında Şahruddin Məhəmmədəliyev dayanır desək, yanılmarıq.

Buraxılan hər qoldan sonra komanda yoldaşlarına irad bildirən, 90 dəqiqə boyunca “gözlərindən alov çıxan” qapıçı Lüksemburqa yenilgidən sonra da üzgün görünürdü.

“Şah”ın ən böyük üstünlüyü, həm də, müsahibələr zamanı səmimi görünməsi və ağlındakıları çəkinmədən dilinə gətirməsidir.

“Qarabağ”ın “çərçivə qoruyucusu" Sportinfo.az-a verdiyi müsahibədə yığmanın bugünündən və sabahından danışdı.

- Seçmə mərhələni qələbəsiz başa vurduq. Durum necədir?
- Şükürlər olsun, hər şey qaydasındadır. Çiynimdən aldığım zədənin müalicəsi ilə məşğulam. İnşallah, yaxşı olmalıdır.
- Nə dərəcədə ciddi zədədir?
- Ciddi olmağına ciddidir. Amma elə bir dönəmdəyəm ki, qəti dayanmaq olmaz. 2-3 gün məşq etmədim, daha 1-2 gün də ara verəcəm. Ardınca “Keşlə” ilə oyuna hazırlaşacağıq.
- Həftəsonuna hazır olacaqsan?
- İnşallah, yaxşı olmalıdır.
- Astanadan qayıdanda hava limanında bəndənizə dediyin “yığmada uduzmaqdan bezmişik, qələbə qazanmaq istəyirik” sözlərini unutmamışam. Və növbəti dəfə uduzduz.
- Bəzən hədəfə çatmaq üçün istək kifayət etmir. Nə baş verdiyini özüm də başa düşə bilmirəm. Hazırlaşırıq, oyuna köklənirik, qələbə qazanmağı hədəfləyirik, gücümüzə inanırıq, yekunda erkən qırmızı vərəqə və yenə yenilgi. Millidə hər dəfə uduzmaq həqiqətən çox pis təsir edir. Bəlkə kimsə fərdi olaraq yaxşı oynadığını, kimsə qol vurduğunu, kimsə səhvə yol vermədiyini düşünür. Lakin içi mən qarışıq hamımız dərk etməliyik ki, bura millidir, qürur yerimizdir, şəfərli yerdir. Yığmaya gəlirsənsə, ölməyə hazır olmalısan. Mən belə öyrənmişəm, belə görmöşəm. Vallah, mən oynamayım, başqası oynasın, təki milli qalib gəlsin. Təki uduzmayaq, azarkeşlərin üzünə baxa bilək. Bilsəm ki, qələbə qazanacağıq, komanda üçün su daşımağa da hazıram.

- Belə başa düşdüm ki, heç də hamı sənin kimi düşünmür.
- Dedim axı, başda özüm olmaqla. Mən bu sözləri kiməsə ünvanlamıram. Ümumi mənzərədən danışıram ki, belə olmalıdır, belə etməliyik. Lüksemburqla matçı götürək, oyundan əvvəl öz aramızda danışırdıq, hamı yenilgilərdən bezdiyini deyirdi. İnanırsız, yorulmuşuq. Hamı istəkli, həvəsli idi. Sadəcə, alınmadı. Adama təsir edən bilirsiz nədir? Məğlubiyyətin səbəbini bilməmək. Oynayırıq, istəyirik, can qoyuruq, yekunda yenilgi. Çox pis təsir edir adama.

- İnsaf naminə, rəqib futbolçuların səviyyə baxımından bizimkiləri üstələdiyi göz qabağındaydı. Hətta oyunun taleyini Gerson Rodrigesin təkbaşına həll etdiyini deyə bilərəm.
- İnanın, qrupdakı rəqiblərimizin hamısı bizdən güclüdürlər. Lüksemburq bizdən çox irəli gedib. 7-8 il öncə ilə yaşamaq lazım deyil. Söhbət bu gündən gedirsə, bəli, bizi üstələyirlər. Onlar irəli gedir, biz isə yerimizdə sayırıq. Heç yerimizdə də saymırıq, geriyə gedirik. Çempionatda 8 komanda mübarizə aparır və limitlə götürəndə vur-tut 40 futbolçu var. Lüksemburqa baxın, çempionatda 16 komanda iştirak edir. Üstəlik, nə qədər futbolçuları xaricdə oynayır. Səhv etmirəmsə, bizimlə görüşdə “11-lik”də yer alanların hamısı legioner həyatı yaşayanlar idi.

- Böyük əksəriyyət uğursuzluğun səbəbkarı kimi əcnəbi baş məşqçiləri görür. Həqiqətənmi belədir?

- Bir az təxribat xarakterli sualdır, amma soruşursuzsa, cavab verəcəm. Şəxsi fikrim belədir ki, yığmanı bu vəziyyətdən çıxara biləcək adam Rəşad Sadıqovdur. Hansı futbolçudan soruşsaz, bu cavabı verəcək. O, ilk növbədə adamdır, adam. Çoxu məşqçi kimi təcrübəsiz olduğunu düşünür. Təcrübəsi var, niyə yoxdur? Sadıqov komandaya meydanda ölməyin nə demək olduğunu aşılaya biləcək. Udarıq da, uduzarıq da, amma azarkeşlər döyüşkən komandanı canlı görmək üçün stadiona axışacaq. Baş məşqçi dəyişikliyi olsa, çıxış yolu Rəşad Sadıqovu gətirməkdir. Canni de Byazini göndərib, yerinə başqa bir əcnəbini gətirməyin anlamı yoxdur. Gələcək, yerli mühitə alışmağa, bizi tanımağa, çempionatı izləməyə vaxt itirəcək, yenə həmin şeylər təkrarlanacaq. Bu dediklərim şəxsi fikrimdir. Amma yenədə baş məşqçinin kimliyindən asılı olmayaraq, mən meydanda can qoymaqda davam edəcəm.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti