"Qarabağ" modelini Azərbaycan millisinə gətirməyin ÜÇ MÜMKÜN YOLU

17 Noyabr 2021 19:40 Milli komanda 2 277
"Qarabağ" modelini Azərbaycan millisinə gətirməyin ÜÇ MÜMKÜN YOLU

Azərbaycan millisinin uğursuzluğu zaman-zaman bəzi qüvvələr tərəfindən məqsədli şəkildə "Qarabağ"lı futbolçularla əlaqələndirilir.

Ən çox istifadə olunan fikir də budur ki, "Qarabağ"lı oyunçular millidə fərqli futbol oynayır".

Deməli, həmin qüvvələr özləri də bilmədən etiraf edirlər ki, uğurlu çıxış üçün "Qarabağ"dakı kimi oynamaq lazımdır. Yəni "Qarabağ" modelinə keçid etmək mütləqdir. Kənara çıxmaq uğursuzluq gətirəcək. Milli komandamızdakı kimi.

"Qarabağ" modelini milliyə daşımağın isə üç mümkün yolu var.

Birinci və ən doğru yol haqqında danışdığımız modeli formalaşdıran Qurban Qurbanovu əsas milliyə gətirməkdən keçir. Gətirildi də, amma işləmək fürsəti verilmədi. Təfərrüata varmadan bu versiyanı kənara qoyuruq. Nə zamansa bəlkə də...

İkinci yol elə hazırkı çalışdırıcı Canni De Byazi vasitəsilə mümkündür. Lap onu sabah birbaşqa əcnəbi əvəz etsə də şərtlər dəyişmir. "Qarabağ" modelini milliyə aşılamaq üçün italiyalı mütəxəsssis və ya bir başqa yeni əcnəbi davamlı olaraq Qurbanovla rabitə qurmalıdır.

Millinin özəyini təşkil edən futbolçuların son durumunu, xüsusi özəlliklərini, onlardan necə faydalanmaq olar kimi detalları müzakirə etməlidir. Bir sözlə, millidə çıxış edən "Qarabağ"lılardan çox Qurbanovla görüşmək, fikir mübadiləsi aparmaq mütləqdir.

Bəs De Byazi bunu etdimi? Təbii ki, yox. Daimi əlaqə bir yana, araşdırsan ölkəmizdə olduğu ilyarımda bəlkə heç 3 dəfə Qurbanovla görüşməyib. Belə olan halda eyni futbolçuların klub və millidə fərqli görünmələri təbiidir.

Sonuncu yol isə odur ki, Qurbanov olmasa da ona yaxınlığı ilə seçilən bir simanı milli komandaya gətirmək lazımdır.

Ki, daim Qurbanovla əlaqədə olan, "Qarabağ"la milli arasında körpü rolunu oynamağı bacaran şəxs olsun. Məsələn, Rəşad Sadıqov kimi.

Və zaman da elə əsl o zamandır. Yol üstə olan De Byazi ilə sağollaşırsan və "Zirə"də çalışan gənc mütəxəssisi əsas milliyə baş məşqçi təyin edirsən. Sadıqov həm modelin aparıcı üzvü olub, həm də bu günün özündə də Qurbanovla istənilən vaxt fikir mübadiləsi apara bilər. Əminəm ki, milli maraqlar naminə Qurbanov da bu istəyə "yox" deməz.

Vallah-billah belə olan halda Yurçeviç, De Byazi kimilərin hazırladığı millidən dəfələrlə mübariz və yaxşı futbol oynayan milli görə bilərik.

Yox, bu 3 versiyanın heç biri olmayacaqsa, bir də özünüzü yorub, "Qarabağ"lı futbolçular bəs millidə niyə uğur qazanmır?" sualına cavab axtarmağa çalışmayın. Uğursuzluqdan çıxış yolları var. Yetər ki, federasiya bunu istəsin. Yox, maraqlı deyillərsə, bu, başqa məsələ.

Xanoğlan İmanov

Digər Xəbərlər
Xəbər Lenti