"Bu dəfə əvvəlki oyunlara nəzərən daha yaxşı çıxış etdik.
Rəqiblərimiz bizdən üstün olsa da, hücumameylli oynamağa çalışırdıq. Adi vəziyyətlərdə top itirməyimiz bizə çətinlik yaradırdı".
Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan millisinin futbolçusu Emin Mahmudov evdə Qətərlə 2:2 hesablı heç-heçə etdikləri yoldaşlıq görüşü haqda deyib.
29 yaşlı yarımmüdafiəçi onlardan qələbə gözləyən azarkeşləri sevindirə bilməmələrindən təəssüfünü ifadə edib.
Onun fikrincə, qol vəziyyətlərindən yararlanmağı bacarmamaları baş məşqçi Canni De Byazinin tapşırıqlarına diqqətlə yanaşmamaları ilə bağlı deyil:
"Biz yalnız müdafiədə çıxış etmirik. Hücumda düzgün duruşumuzun olmaması problemlərə gətirib çıxarır.
Əlbəttə, biz onun istəklərini yerinə yetirməyə çalışırıq. Hərçənd bəzi anlarda alınmır".

