"Futbolçularımız gəncdir və onlar üçün hər şey irəlidədir".
Sportinfo.az xəbər verir ki, bu sözləri 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Milan Obradoviç dilə gətirib.
Komandamız Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu Avstriyaya qarşı keçirib. “Bakcell Arena”dakı qarşılaşma qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
42-ci dəqiqədə Emanuel Aivu hesabı açıb. 72-ci dəqiqədə Romano Şmid penaltini dəqiq yerinə yetirib. Şmid 3 dəqiqə sonra fərqi daha da artırıb.
Hazırda Azərbaycan 6 komandalı A qrupunda 5 turdan sonra 1 xalla 5-ci pillədə qərarlaşıb. Avstriya isə 6 görüşdən 12 xalla 3-cüdür.
Serbiyalı mütəxəssis nəticədən və topladıqları xallardan razı olmadığını bildirib:
"Baxaq görək, komandamızdakı oyunçuların neçəsi Azərbaycan Premyer Liqasında oynayır? Bütün bunlara yığmanın baş məşqçisinin gözü ilə baxıram və hesab edirəm ki, bu, çox deyil.
Siz fərqli düşünə bilərsiz. Hər kəsin öz fikri var. Artıq 3 ildir ki, buradayam və bu müddət ərzində 11 futbolçu əsas komandaya yüksəlib. Bu da bizim işimizin bir hissəsidir".
Obradoviç hakimlər haqqında danışmaq istəmədiyini vurğulayıb. O, referinin işindən məmnun qalmadığını, lakin hakimlərə görə uduzmadıqlarını da söyləyib.

