Canni De Byazinin milli komandamıza təyinatı futbol ictimaiyyətində böyük səs-küy yaratdı.
Hər halda yeni baş məşqçi sələfi Nikola Yurçeviç kimi sıradan biri yox, Albaniya kimi ortabab millini Avropa çempionatına aparamağı bacaran simaydı.
Onun növbəti "sehri"ni Azərbaycan millisində edəcəyinə AFFA rəhbərliyi kimi ümid edənlər azlıq təşkil etmirdi.
Amma De Byazi startdaca ümidləri puç etdi. Debüt Millətlər Liqasında Lüksemburqla oyuna təsadüf etdi. Doğma meydanda 3 xal gözü ilə baxdığımız rəqibə 1-2 məğlub olduq.
Sonrakı nəticələr də ürəkaçan olmayınca italiyanın çalışdırdığı milli komanda Monteneqro, Kipr və Lüksemburq kimi millilərin olduğu qrupda sonuncu yerdən son anda qurtulmağı bacardı.
Təcrübəli mütəxəssisin hazırladığı komanda DÇ-2022-nin seçmə mərhələsində daha biabırçı çıxışla yadda qaldı. Millətlər Liqasında Kipr üzərində qələbəmiz vardısa, bu dəfə həmin qələbəyə də həsrət qaldıq. 8 oyundakı qazancımız cəmi 1 xal oldu.
Ümumiyyətlə is italiyalı mütəxəssis yığmamızı meydana çıxardığı 19 qarşılaşmada cəmi 2 qələbə qazanıb. Biri Belarusla səfərdəki yoxlama matçıdısa, digər Millətlər Liqasında Kipr üzərində qazanılıb. O da səfər meydanında reallaşıb. Doğma meyadandakı 3 xalın nə olduğunu isə hələ də bilmir.
Yığmamız bu gün De Byazinin rəhbərliyi altında növbəti, bəlkə də sonuncu matçına çıxacaq. Rəqib isə Qətər millisidir.
Doğma meydan, zəif rəqib, lazımsız oyun. Evdə ilk qələbəni qazanmaq üçün bundan yaxşı fürsət?
Xanoğlan İmanov

