Azərbaycan millisi bu gün növbəti oyununu keçirəcək.
Sportinfo.az xəbər verir ki, Canni De Byazinin çalışdırdığı yığmamız Qətərlə yoxlama oyununda qüvvəsini sınayacaq.
Bakı Olimpiya Stadionundakı matç komandamızın 2021-ci ildə son sınağıdır. Bu oyun baş məşqçi Canni de Byazi üçün də sonuncu ola bilər.
Müqaviləsinin müddəti başa çatan italiyalının taleyinə özü üçün yubiley – 20-ci sınağından sonra aydınlıq gələcək.
Millimiz Qətər yığmasıyla bu il Macarıstanda da qarşılaşmış 1:2 hesabı ilə uduzmuşdu. İndi yığma komanda həm bu məğlubiyyətin revanşını ala, həm də ardıcıl məğlubiyyətlərə son qoya bilər.
Son məşqdə futbolçulardan fərqli, De Byazinin əhval-ruhiyyəsinin yerində olmadığı nəzərə çarpıb. Görünür, AFFA-nın onunla yeni müqavilə bağlamayacağını artıq bilir.

