"Lüksemburqla qarşılaşmanın ilk 15-20 dəqiqəsində De Byazinin komandasından rəqibə yüksək təzyiq edəcəyini gözləyirdim.
Bunun nəticəsində erkən qol vurulacağını düşünürdüm. Ancaq yenə matça ehtiyatlı başladıq".
Bunu Sportinfo.az-a açıqlmasında DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində millimizin Lüksemburqa məğlubiyyətini (1-3) şərh edən futbol mütəxəssisi Əfqan Talıbov deyib.
O, "Qarabağ"la Avropada tarix yazan futbolçuların De Byazinin rəhbərliyi və tapşırığı ilə ancaq müdafiə olunmaqla məşğul olmasına çox üzüldüyünü xüsusi qeyd edib:
"Tellur Mütəllimovun qırmızı vərəqə aldığı dəqiqəyə kimi də üstünlük qonaqlarda idi.
Azlıqda qalandan sonra De Byazinin tapşırığı ilə tamamilə müdafiəyə qapandıq. Amma on nəfərlə qalanda belə bəzən azacıq təzyiq edəndə Lüksemburq müdafiəsi çaşqınlıq yaşayırdı.
Bu baxımdan oyuna ehtiyatlı başlamağımıza çox təəccübləndim. Rəqib baş məşqçi də bildirdi ki, Azərbaycan bizi təəccübləndirmədi.
Tural Bayramov və Abbas Hüseynov da olsaydı meydandakı "Qarabağ"lı futbolçuların sayı 9-a çatacaqdı. Belə olan halda, həmin oyunçularla "Qarabağ"da Avropaya meydan oxuduğumuz halda niyə millidə rəqibə təzyiq edə bilmirik?
Bu sualı mən özüm-özüm çox verirəm. Niyə hücumda oynaya bilmirik? Ancaq müdafiə olunmaqla məşğuluq.
Lüksemburq əvvəllər 3-0, 5-0 uduzurdu. Amma indi yaxşı nəticələr göstərir. Qələbə qazanmaq üçün hücumda oynamaq lazımdır. B
iz isə hücumda 3-4 yaxşı ötürmə edə bilmirik. Bu halda hansı uzun gedişli kombinasiyalardan danışa bilərik?
De Byazi sanki nədənsə qorxur və hər zaman müdafiə olunmaq barədə düşünür. Daha bəsdir də...
Nə qədər müdafiə olunmaq barədə düşünmək olar? Hücumda yaxşı futbolçularımız var. Onlardan istifadə etmək lazımdır. Düzgün heyət seçimi vacibdir".
Talıbov millinin yerində saydığını və inkişaf üçün rəqabətli çempionata ehtiyac olduğunu dilə gətirib:
"Yerimizdə saymamalıyıq. İnkişaf istəyiriksə, Premyer Liqada rəqabətə davamlı 12-14-16 komandalı çempionat yaratmalıyıq".

