Azərbaycan millisi dünən doğma meydanda Lüksemburqa uduzmaqla DÇ-2022-nin seçmə mərhələsini məğlubiyyətlə başa vurdu.
Qərarlaşdığımız qrupda 8 matça 1 qələbə belə qazana bilmədik. 8 oyun və cəmi 1 xal!
Uğursuzluğa hərə bir "don" geyindirməyə çalışır. Kimisi futbolçuları, kimisi də baş məşqçini qınaq obyektinə çevirib. Əsl günahkarlar isə qalıb kənarda.
Tellur Mütəllimovun qırmızı vərəqə aldığı epizod isə daha çox gülüş obyektinə çevrilib. Həqiqətdə isə məlum epizoda baxıb ağlamalıyıq. Milli komandanın kimlərin ümidinə qaldığını görüb ağlamalıyıq.
Hazırkı AFFA rəhbərliyi hakimiyyətdə olduğu uzun illər ərzində düzgün sistem qurub, futbolumuzu inkişaf etdirə bilsəydi bu gün milli komanda Tellurların ümidinə qalmazdı.
O, ən günahsız adamdı. Tellur özümü gəlib milli komandaya? Ona dəvət göndəriblər, o da gəlib. İnanın səmimiyyətimə Tellur özü də milliyə çağrıldığı üçün şokdadır. Bilir ki, hazırda milli səviyyədə futbolçu deyil. Amma neyləsin? Desin ki, gəlmirəm? Hər futbolçunun milli komandada oynamaq kimi xəyalı var. Güclü və ya zəif olmasında asılı olmayaraq. Tellurun da əlinə bu fürsət düşübsə, niyə dəyərləndirməsin?
Biz həmin fürsəti verənlərin yaxasından yapışmalıyıq. Ki, 8 yox, 12-14-16 komandalı normal çempionatımız olsaydı, futbol akademiyalarımız normal fəaliyyət göstərsəydi, Tellur bu gün ən yaxşı halda hansısa autsayder komandada gününü keçirirdi. Ya da üzərində daha çox çalışaraq yerində saymaz, daha çox artırardı. Amma arxayındı. İndiki formasında belə ona ehtiyac olduğunu gözəl bilir.
Tellur təkcə milli üçün yox, elə klubu üçün də məcburiyyətdən lazımdır. Güya Ayxan Abbasov onun möhtəşəmliyinə heyran qalıb, "Sumqayıt"da oynadır? Vallah-billah məcburiyyətdən komandasında saxlayıb. Seçim olmayan yerdə başqa yol qalmır. Azacıq imkanlar genişlənsə, rəqabət mühiti yaransa sözümün həqiqətini görmüş olarsınız.
Bu gün De Byazinin də seçim imkanı yoxdur. Bu imkanı isə ona və digərlərinə AFFA verməlidir. Bəli, AFFA verməlidir!
Klub sayını artırmaqla, regionlara futbolu daşımaqla, sərbəst klub idarəetmə modelinə keçməklə bunu verməlidir. Hazırkı strategiya ilə isə yaxın gələcəkdə heç indiki Tellurdan da tapa bilməyəcəyik.
Xanoğlan İmanov

