AFFA rəhbərliyi toplandı - Bu da son... Əlvida, Byazi!

12 Noyabr 2021 15:00 Milli komanda 3 005
AFFA rəhbərliyi toplandı - Bu da son... Əlvida, Byazi!

Azərbaycan millisi dünən DÇ-2022-nin seçmə mərhələsində çıxışını başa vurdu.

Avropa zonasının A qrupunda mübarizə aparan yığmamız son oyununu evdə keçirdi.

Canni de Byazinin komandası IX turda Lüksemburqu qəbul etdi. Bu matçadək sonuncu pilləni tutacağı rəsmiləşən millimiz elə autsayderə xas oyunla yadda qaldı.

Tellur Mütəllimovun 21-ci dəqiqədə qırmızı vərəqə alaraq komandamızı azlıqda qoymasından sonra “cırtdanlar” meydanda daha çox hegemonluq elədi.

Rəqib qarşısında aciz qalan yığmamız uzun müddət qapısının toxunulmazlığını qorusa da, ikinci hissənin ortalarında müqaviməti qırıldı.

Öncə Gerson Rodriges, ardınca Sebastyan Till səviyyə fərqini ortaya qoydu. Azər Salahlının təsəlli qolu isə komandamıza heç nə vermədi.

Əvəzində Rodriges dublunu rəsmiləşdirməyi də bacardı. Bununla da Lüksemburq öz meydanında olduğu kimi Bakıda da millimizə qalib gəldi – 3:1.

Evdə keçirdiyi bütün oyunlarda uduzan yığmamız seçmə mərhələni özünə doğmalaşan sonuncu pillədə başa vurdu. 1 xal toplayan komandamız AVRO-1996-da imza atdığı antirekordu ötən tsikldəki kimi yenidən təkrarladı.

Canni de Byazi biabırçılıqla bitən oyundan sonra bildirdi ki, onun taleyinə AFFA aydınlıq gətirəcək. İtaliyalı mütəxəssis mətbuat konfransında gələcəyi ilə bağlı suala aydınlıq gətirib:

“Belə bir matçdan sonra yeni müqavilə barədə danışmağın mənası yoxdur. Noyabrın 30-na kimi müqaviləm var. Menecerimlə söhbət olacaq, axırda AFFA rəhbərliyi qərarını verəcək”.

O, qərarla biz indi oxucularımızı tanış edə bilərik. Demək, dünənki matçın ardından federasiya rəhbərliyi məsləhətləşmə aparıb.

65 yaşlı çalışdırıcının yola salınması lazım bilinib.

Düzdür, bununla razılaşmayanlar, apenninliyə daha 2 il vaxt verilməsini istəyənlər də tapılıb, ancaq bizdə olan məlumata görə, son nöqtəni AFFA prezidenti Rövnəq Abdullayev qoyub.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti