Lüksemburqa motivasiya – Millimizi udacaqsız!

11 Noyabr 2021 17:00 Milli komanda 765
Lüksemburqa motivasiya – Millimizi udacaqsız!

Bu gün saat 21.00-dan etibarən Bakı Olimpiya Stadionunun yaşıl meydanında Azərbaycanla Lüksemburqun sayılıb-seçilən futbolçuları topun dalınca qaçacaq.

Nəticəsi heç nəyə yaramayan oyuna “mübarizə aparacaq” ifadəsini yapışdırmaqla söyüş yiyəsi olmaq istəmirəm.

Mübarizəni Avropanın öncül milliləri aparacaq. Bizimkilərin işi topun dalınca qaçmaq olacaq.

İndiyə qədər rəsmi oyunlar öncəsi məşqçi və futbolçularımıza çox səslənmişik, qələbəyə kökləmişik, ruhlandırmışıq, yalvarmışıq. Çi fayda.

Bu dəfə əhalisinin sayı 700 mini ötməyən Lüksemburqun bir nömrəli futbol komandasının şərəfini qoruyan futbolçularadır sözüm.

Əvvəla Qarabağ torpaqlarını almaqla bütövləşən Azərbaycana xoş gəlib, səfa gətirmisiz! Həmişə siz gələsiz!

Bakıda növbəti qələbəni bayram edəcəyinizə qəti şübhə etməyin. Rəqib meydanı, azarkeş amili-filan düşünməyin. Özünüzü Lüksemburqda hiss edəcəyinizə əmin olun.

Onsuz da, camaat millidən bezib. Tribunalarda uzağı 5-10 min adam olacaq, onların yarısından çoxu dövlət müəssisələrində işləyənlərdir.

Candərdi 90 dəqiqə tribunada oturub, yekunda söyə-söyə gedəcəklər. Bu mənada rahat olun.

Xeyrinizə olan başqa bir məqamı deyim. Azərbaycan yığması düz 3 ildir Bakıda qələbənin nə olduğunu bilmir. Sonuncu dəfə 3 xalı 2018-in bu ayının 17-də Millətlər Liqasında Farer adalarını məğlub edəndə qazanmışıq.

Onda baş məşqçimiz Qurban Qurbanov idi. Ondan sonra Nikola Yurçeviçlə Canni de Byazi işləyib, heç biri Bakıda uğura sevinməyib. Əksinə, hər gələn 2-3-nü vurub gedir.

Öz aramızdır, Azərbaycan millisindən ehtiyatlanmağa gərək yoxdur axı. 2020-nin sentyabrında elə həmin BOS-da 2:1 hesabı ilə məğlub etdiyiniz həmin yığmadır da. Azərbaycan seçməsi son 5 rəsmi oyunda sizin komandanı uda bilməyib ki.

Birini də deyim? İtaliyalı baş məşqçimiz Canni de Byazini bu matçın nəticəsi qəti maraqlandırmır. Müqaviləsinin müddəti bu seçmə mərhələnin sonuna qədərdir və artıq indidən AFFA rəsmiləri onun yerinə namizəd axtarır.

Özü də bundan xəbərdardır deyə, Lüksemburq üzərində qələbənin heç nəyi dəyişməyəcəyini yaxşı bilir.

İkitərəfli anlaşmanın tələblərinə görə axşam texniki zonada gəzəcək. Arada əsəbiləşəcək, kiməsə qışqıracaq, ara-sıra hakimin qərarlarına etiraz edəcək, amma siz ona fikir verməyin.

Yəni Albaniya millisini AÇ-2016-nın final mərhələsinə daşıdığını düşünüb, ehtiyatlanmayın. Şərait olmayan yerdə əvvəl-əvvəl “nağıllar oxuyub”, sonra şəraitsizliyə görə jurnalistləri borclu çıxarmağı məşqçilik etməkdən daha yaxşı bacarır.

Deməyim odur ki, bu axşam hər şey xeyrinizə işləyəcək. Rəqibiniz “asan yem”dir, qalır iştahla yemək. Hücumlara ara vermədən bizimkiləri təzyiq altında saxlayın, pressinq edin, lazım olan qolları vuracaqsız. Əminəm ki, bacaracaqsız!

P.S.: Bu yazıdan sonra da Lüksemburqu məğlub edə bilməsəz... Üç nöqtənin yerinə istədiyiniz sözləri düzməkdə sərbəstsiz.

P.P.S.: Hə, biri yadımdan çıxmışdı. De Byazi jurnalistlərlə söhbətində deyib ki, onların heyətində “Borussiya”nın futbolçusu var. Psixoloji üstünlük də tərəfinizdə olacaq. Axı bizim ən yaxşımız Almaniyada yox, Polşada oynayır.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti