Azərbaycan millisi DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində bu gün sonuncu oyununa çıxır.
Rəqib Lüksemburqdur.
Yığmamız qrupunun arxada qalan 7 matçında yalnız bir xal toplaya bilib. O da İrlandiya ilə Dublində baş tutan qarşılaşmada gerçəkləşib.
Qrupda sonuncu olacağı dəqiqləşən De Byazinin yetirmələri üçün axşamkı görüş formal xarakter daşıyacağı ehtimal edilə bilər. Amma bu, əslində heç də belə deyil.
Bəli, hazırkı vəziyyətdə yığma komanda adına hətta darmadağınla qazanılacaq qələbə belə heç bir işə yaramayacaq. Nə reytinqdə yüksələn deyilik, nə də qrupda daha üst sıralara çıxmaq ehtimalı var.
Amma şəxsi maraqlar baxımından hər şey tam fərqlidir. Əvvəla AFFA rəqibin kimliyindən asılı olmayaraq milli komandanın lazımlı-lazımsız bütün qələbələrinə kifayət qədər yüksək mükafat ayarırır.
Hətta yoxlama görüşlərinə belə bu şamil edilir. Sirr deyil ki, bu gün qazanılacaq qələbə də futbolçu və məşqçilər heyətini kifayət qədər zənginləşdirəcək.
Maddiyatdan əlavə italiyalı mütəxəssisin taleyi də bu görüşdən asılıdır. Yalnız bu gün qazanılacaq qələbə onu postunda saxlaya bilər.
Hazırda heç kimə lazım olmayan əcnəbi mütəxəssis belə rahatlıqla ölkəmizdən ayrılmaq istəyindən uzaqdır.
Hər halda bir qələbə ilə müqavilənin artırılmasına kim "yox" deyər ki? De Byazi qələbə qazanıb, federasiyanın insafına bel bağlamaq haqqında düşünəcək. Kiçik ümid varsa əgər, onu dəyərləndirməyə çalışacaq.
AFFA üçün də qazanılacaq 3 xal az önəm daşımır. Düşdüyümüz ağır qrupda 4 xalın əldə edilməsi qəhrəmanlıq kimi qələmə veriləcək. Son illər inkişafda olan Lüksemburq millisi üzərində qələbə böyük səs-küylə ictimaiyyətə təqdim ediləcək.
Gördüyümüz kimi, hansı profildən baxsaq, axşamkı mümkün uğur fərdlərə xidmət edən, amma Azərbaycan futboluna ziyan vuran qələbə olacaq. Bu isə ölkə futbolunu, milli komandanı həqiqin sevən heç kəsə lazım deyil!
Xanoğlan İmanov

