Okan Buruk AFFA ilə danışıqlar apardığını təsdiqlədi: "Şərtlərimi demişəm, gözləyirəm"

11 Noyabr 2021 11:40 Milli komanda 1 299
Okan Buruk AFFA ilə danışıqlar apardığını təsdiqlədi: "Şərtlərimi demişəm, gözləyirəm"

«Başakşehir»in sabiq baş məşqçisi Okan Buruk AFFA ilə danışıqlar apardığını təsdqləyib.

Sportinfo.az-ın təmsilçisi ilə söhbət edən türkiyəli mütəxəssis Azərbaycandan gələn nümayəndə heyəti ilə İstanbulda görüşdüyünü gizlətməyib.

O, görüşmələrin nəticələri barədə hələlik heç nə açıqlamayacağını söyləyib. «Başakşehir»i ölkə çempionu etmiş çalışdırıcı qarşı tərəfin onun şərtləri ilə tanış olduğunu, bu üzdən gözləmə mövqeyi tutduğunu deməklə kifayətlənib.

***

Azərbaycan millisinin baş məşqçi postunda Canni De Byazini əvəzləməyə ən real namizəd olan Okan Burukun AFFA ilə apardığı danışıqların yeni-yeni təfərrüatları üzə çıxmaqdadır.

İstanbulda AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovla görüşən mütəxəssis müqavilənin müddəti ilə bağlı razılığa gəlib.

O, federasiya təmsilçisinin 2+2 illik kontrakt təklifini qəbul edib. Tərəflərin anlaşmasına əsasən, gənc çalışdırıcı yığmamızı UEFA Millətlər Liqası və Avro-2024-ün seçmə mərhələsinə hazırlayacaq.

Sonrakı 2 ili əhatə edən sözləşmənin avtomatik qüvvəyə minməsi yalnız nəticələrdən asılı olmayacaq.

Millinin durumu AFFA-nı qane eləyərsə belə, əgər Buruk qalmaq istəməsə, müqaviləni birtərəfli qaydada pozmaq hüququna sahibdir.

Tanınmış məşqçi federasiya rəhbərliyi ilə söhbətində onu da açıqlayıb ki, 2 yeni təklif alıb. Ona Super Liqada çıxış edən klublardan dəvət gəlib.

«Qalatasaray»ın əfsanəsi bildirib ki, ölkəsində işləmək perspektivi yaransa da, o, fəaliyyətini Azərbaycanda davam etdirmək fikrindədir və bu üzdən Super Liqadan gələn çağırışları geri çevirib.

«Başakşehir»in sabiq baş məşqçisi yaxın günlərdə Bakıya gələcək. AFFA rəhbərliyinə yaxın mənbədən redaksiyamıza daxil olan informasiyaya görə, türkiyəli mütəxəssisin ölkəmizə səfərinin məqsədi yığmamızın qarşıdakı oyunları ilə bağlıdır.

Saytımız AFFA rəhbərliyi ilə Buruk arasında gedən danışıqlarla bağlı araşdırmalarını davam etdirməkdədir. Bir sıra yeni informasiyalar da artıq əlimizə çatıb və onları oxucularımızla bölüşəcəyik.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti