Samet Aybaba “Sportinfo”ya danışdı: “Azərbaycana pul qazanmaq üçün gəlmərəm”

9 Noyabr 2021 21:00 Milli komanda 1 552
Samet Aybaba “Sportinfo”ya danışdı: “Azərbaycana pul qazanmaq üçün gəlmərəm”

“Mən AFFA rəhbərliyi ilə görüşüb danışmamışşam”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Adana Demirspor”un sabiq baş məşqçisi Samet Aybaba deyib.

DÇ-2022-nin seçmə mərhələsində Lüksemburq (11 noyabr) və yoldaşlıq görüşündə Qətərlə (14 noyabr) keçiriləcək oyunlardan sonra baş məşqçi Canni de Byazi ilə yollarını ayıracaq AFFA bu posta gətirəcəyi mütəxəssislərin siyahısını müəyyənləşdirib.

Bu barədə Türkiyə mətbuatı yeni iddia ilə çıxış edib.

Bildirilir ki, italiyalının yerinə türkiyəli məşqçi ilə anlaşmağı planlaşdıran assosiasiya rəhbərliyinin növbəti namizədi Samet Aybabadır. Hətta qeyd oluinur ki, AFFA nümayəndələri bu həftə 66 yaşlı mütəxəssislə görüşəcək.

Məhz həmin danışıqdan sonra Aybabanın yığmamızın sükanı arxasına keçib-keçməyəcəyi bəlli olacaq. Ancaq “Beşiktaş”ın sabiq çalışdırıcısının buna müsbət yanaşdığı vurğulanıb.

Təcrübəli çalışdırıcı sonuncu dəfə “Adana Dəmirspor”u çalışdırıb. Ötən mövsüm komandanı Super Liqaya daşıyan baş məşqçi cari mövsüm ilk 3 turda toplanan 2 xaldan sonra vəzifəsindən ayrılıb.

Mario Balotelli və digər ulduzlarla yola getməyən çalışdırıcını rəhbərlik sükan arxasında saxlamayıb.

Azərbaycan millisinin baş məşqçi postuna namizədlər sırasında Okan Buruk, Ersun Yanal, Mustafa Dənizli və bir neçə türkiyəli mütəxəssis də var.

S.Aybaba "Fanatik"ə açıqlamasında AFFA ilə danışıqlar apardığını bildirib: "AFFA-nın mənimlə maraqlandığı düzdür. Görüşlərimiz də olub. Amma hələlik rəsmi müqavilə yoxdur. Danışıqlarımız davam edir".

Maraqlıdır ki, o, əməkdaşımızla söhbətində AFFA ilə birbaşa təmas qurmadığını deyib:

“Azərbaycandan mənimlə əlaqə saxlayıblar, fikrimi soruşublar. Əlbəttə, millinizi çalışdırmaq istərdim. Ancaq hələ ortada heç nə yoxdur.

AFFA rəhbərliyinin İstanbulda olmasından xəbərsizəm. İki gündür Türkiyədə media yalnız bu haqda yazır.

Jurnaslitlər hər saat zəng vurub, məndən danışıqların gedişini və nəticəsini soruşur. Daha Türkiyədə mənə telefon açmayan media orqanı qalmadı (gülür).

AFFA-dan birbaşa təklif almadığımı sizə deyə bilərəm. Sadəcə, maraq göstəriblər, şərtlərimi demişəm. Hansısa anlaşmadan söz etməyim düzgün deyil.

Türkiyə ilə Azərbaycan qardaşdır, biz bir millətik. Azərbaycana pul qazanmaq üçün gəlmərəm. Onu burada da qazana bilərəm.

Gələrəmsə, işimlə nəyi bacardığımı göstərməliyəm. Bunun üçün mənə şərait yaradılmalı, düzgün və professional yanaşma göstərilməlidir.

Mənim üçün bərabər çalışdığım insanlarda “futbol ağlı”nın olması çox önəmlidir. O olmasa, işləməyə dəyməz. Uzunmüddətli və futbolun bütün sahələrini əhatə edən proje görməliyəm.

Millidə çalışmaq klubda çalışmaq deyil, burada meyarlar başqadır, daha məsuliyyətlidir. Mən Türkiyədə qalıb çalışa bilərəm, təkliflərim də çoxdur.

Azərbaycanlılar bizim qardaşımızdır, ora gələrəmsə, təcrübəmlə milli komandanı bəlli bir səviyyəyə qaldırmalıyam.

Baxın, yenə deyirəm – pulun miqdarı mənim üçün önəmli deyil. Pul məsələsində anlaşarıq, problem olmaz. Mən sadəcə, şərait və zaman istəyirəm”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti