Türkiyəli məşqçi Samet Aybaba Azərbaycan millisinə baş məşqçilik edəcəyi barədə yayılan xəbərlərə münasibət bildirib.
66 yaşlı mütəxəssis ölkəsinin mətbuatına açıqlamasında AFFA ilə danışıqlar apardığını təsdiq edib:
SİTAT: "AFFA-nın mənimlə maraqlandığı düzdür. Görüşlərimiz də olub. Amma hələlik rəsmi müqavilə yoxdur. Danışıqlarımız davam edir".
Məsələ ilə bağlı AFFA-nın mövqeyini öyrənməyi məqsədə uyğun bildik. Federasiyanın mətbuat xidmətinin rəhbəri Firuz Abdulla Sportinfo.az-ın sorğusunu belə cavablayıb:
"Hazırda Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi ilə AFFA arasında cari seçmə mərhələnin sonuna qədər müqavilə mövcuddur. Hazırda federasiya heç bir mütəxəssislə danışıqlar aparmır".
Tanınmış mütəxəssis Türkiyədə "Beşiktaş", "Trabzonspor", "Sivasspor", "Kayerispor" kimi bir çox komandaları çalışdırıb. Onun son iş yeri "Adana Demirspor" olub.

