DÇ-2022-nin seçmə mərhələsində Lüksemburq (11 noyabr) və yoldaşlıq görüşündə Qətərlə (14 noyabr) keçiriləcək oyunlardan sonra baş məşqçi Canni de Byazi ilə yollarını ayıracaq AFFA bu posta gətirəcəyi mütəxəssisi müəyyənləşdirib.
Sportinfo.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yenni iddia ilə çıxış edib.
Bildirilir ki, italiyalının yerinə türkiyəli məşqçi ilə anlaşmağı planlaşdıran assosiasiya rəhbərliyinin ilk namizədi Samet Aybabadır. Hətta AFFA nümayəndələri bu həftə 66 yaşlı mütəxəssislə görüşəcək.
Məhz həmin danışıqdan sonra Aybabanın yığmamızın sükanı arxasına keçib-keçməyəcəyi bəlli olacaq. Ancaq “Beşiktaş”ın sabiq çalışdırıcısının buna müsbət yanaşdığı vurğulanıb.
Təcrübəli çalışdırıcı sonuncu dəfə “Adana Dəmirspor”u çalışdırıb. Ötən mövsüm komandanı Super Liqaya daşıyan baş məşqçi cari mövsüm ilk 3 turda toplanan 2 xaldan sonra vəzifəsindən ayrılıb.
Mario Balotelli və digər ulduzlarla yola getməyən çalışdırıcını rəhbərlik sükan arxasında saxlamayıb.
Azərbaycan millisinin baş məşqçi postuna namizədlər sırasında Okan Buruk, Ersun Yanal, Mustafa Dənizli və bir neçə türkiyəli mütəxəssis də var.

