Bir neçə gündür mətbuatda məlumat yayılır ki, Azərbaycan yığmasını türk baş məşqçi çalışdıracaq.
Hətta konkret namizədin də adı açıqlanır. Bildirilir ki, AFFA rəhbərliyi Okan Burukla danışıqlar aparır.
Bu xəbər o ərəfədə yayılır ki, Azərbaycan ictimaiyyətinin AFFA-dan narazılığı pik həddədir. Hər kəs AFFA-da köklü kadr dəyişikliyinin aparılmasını, islahatları olmasını tələb edir.
Üstəlik, ictimaiyyət onu da tələb edir ki, Azərbaycan yığmasına əcnəbi yox, yerli mütəxəssis başçılıq etsin.
Bunu da onunla əsaslandırırlar ki, onsuz da yığmanın heç bir potensialı yoxdur. Ona görə də, əcnəbilərə külli miqdarda vəsait verməkdənsə, yatırımı uşaq futboluna etmək lazımdır.
Marketoloq-menecer rəhbərlər tərəfindən hazırlanıb
Azərbaycanda uşaq futbolunda durum olduqca bərbaddır. Həm infrastruktur, həm də kadr potensialı baxımından. AFFA rəhbərliyi yenə də aşağı yaş qrupları üzrə yığmalara futbolçu tapmaq üçün Rusiyanın əyalətlərində axtarışa çıxıb. Və belə bir vaxtda “türk məşqçi” iddiası ortaya atılır. Ssenari tanışdır. Heç şübhəsiz, bu ssenari elə AFFA-nın binasında marketoloq-menecer rəhbərlər tərəfindən hazırlanıb və Türkiyə mətbuatına sızdırılıb.
Artıq başqa yol yoxdur
AFFA rəhbərliyinin Azərbaycan yığmasının baş məşqçi postuna türk mütəxəssis dəvət etməsi olduqca real plandır. Bu plan həm də AFFA rəhbərliyinin özünüxilas planı da sayılmalıdır. 13 ildir ki, bu rəhbərlik ictimai fikrə qarşı çıxaraq, yığma komandanı daim əcnəbilərə (bir illik Qurban Qurbanov dönəmi istisna olmaqla) tapşırıb. Bu müddətdə alman, xorvat, serb, italyan layihələri fiaskoya uğrayıb. Artıq başqa yol yoxdur. Ölkədə futbolun durumu o qədər acınacaqlıdır ki, ictimaiyyətin qəzəbi hakimiyyətə yönəlib. Sosial şəbəkələrədə yazılanları belə xarakterizə etmək olar: “Görünür Azərbaycan futbolunun biabırçı durumu hakimiyyəti qane edir ki, AFFA rəhbərliyi dəyişmir”.
Ola bilsin ki, bu, onların son şansıdır
Təbii, hakimiyyət belə durumla razılaşa, futboldakı biabırçılığın günahını çiyninə götürmək istəməz. Ona görə də, dəyişiklik olmalıdır. Və son günlər baş verən proseslər də bu yöndə iş aparıldığına işarədir. Amma AFFA-dakılar da “köhnə qurdlar” hesab olunurlar axı. Onlar “yağlı tikə”dən asanlıqla imtina etməyəcəklər. Üstəlik, çox gözəl bilirlər ki, vəzifədən getdikdən sonra həbs olunmaq ehtimalları da yüksəkdir. Ona görə də “türk planı”nı işə salıblar. Ola bilsin ki, bu, onların son şansıdır. Əslində hazırkı AFFA rəhbərliyi hələ bir neçə il əvvəl vəzifədən getməli idi. Amma həmin vaxt onlar özlərini “Qurban Qurbanov planı” ilə xilas etdilər. Bəli, Qurbanov millidən gələn təklifi qəbul etməklə, AFFA rəhbərliyini xilas etdi və Azərbaycan futbolunun inkişafını bir neçə ilə də ləngitdi. Bunu bütün məsuliyyətimlə iddia edirəm.
“İctimai qəzəb şkalası” dərhal aşağı enəcək
İndi isə “türk planı” işə salınır. Niyə türk mütəxəssis? Azərbaycanda Türkiyə və türklərə sevgi daim yüksək səviyyədə olub. 44 günlük müharibədən sonra isə bu sevginin miqyası o qədər böyüyüb ki... AFFA rəhbərliyi də cəmiyyətin bu sevgisindən yararlanmağa cəhd göstərə bilər. Yəni Azərbaycan yığmasına türk mütəxəssis gətirilsə, “ictimai qəzəb şkalası” dərhal aşağı enəcək. Məhz türk mütəxəssisin sayəsində. Şəksiz, Okan Buruk da Azərbaycan yığması ilə uğur qazana bilməyəcək. Və ictimaiyyət onun da getməsini tələb edəcək. Amma bu tələb ən tezi iki ildən sonraya təsadüf ediləcək. Bax, AFFA rəhbərliyinə də bu vaxt, zaman lazımdır. Özlərini qorumaq, xilas etmək üçün. Amma bu müddətdə Azərbaycan futbolu, yəqin ki, uçurumun dibinə çatacaq. Bizim xəbərdarlıq etməkdən savayı əlimizdən nə gəlir ki... Hökm onların hökmüdür.
Natiq Muxtarlı

