2019-cu ilin ikinci yarısında Azərbaycan yığmasının sükanı arxasına keçən Canni De Byazinin yeni istəyi məlum olub.
İtaliyalı çalışdırıcı buradakı fəaliyyətini davam etdirməyi arzulayır.
65 yaşlı mütəxəssis bununla bağlı niyyətini artıq FFA rəhbərliyinin diqqətinə çatdırıb.
O, başladığı işin yarımçıq qalmasından narahatlığını ifadə edib və kontraktının uzadılması üçün hər cür güzəştə hazır olduğunu söyləyib. Bu, təbii ki, maliyyə şərtləri ilə əlaqədardır.
De Byazi 1,5 illik fəaliyyətinə görə 900 min avro qazanıb. Apenninlinin daha aşağı şərtlərlə yeni müqavilə bağlamağa hazır olması başqa bir real təklif almamasından irəli gəlir.
O, bugünlərdə Kosovo Futbol Federasiyasından mənfi cavab alıb. Avropa səhnəsinə yeni çıxan ölkənin komandasını ona etibar etməyiblər.
İtalyan narahatdır ki, Azərbaycandan getsə, yenə uzun müddət işsiz qalacaq. Axı bura gələnə kimi 3 il heç yerdə fəaliyyət göstərməmişdi.
SPORTİNFO.AZ

