U-21-in Obradoviçli RƏZALƏTİ – Serb məşqçi ilə 17 oyunda...

14 Oktyabr 2021 19:00 Milli komanda 1 087
U-21-in Obradoviçli RƏZALƏTİ – Serb məşqçi ilə 17 oyunda...

Əsas millinin uğursuzluqları fonunda U-21-in biabırçı nəticələri kölgədə qalır.

Halbuki gənclərdən ibarət yığmamızın “sükanı” arxasında da əcnəbi mütəxəssisdir – Milan Obradoviç.

2019-cu ilin əvvəlindən ölkəmizdə çalışmağa başlayan serbiyalı çalışdırıcıya hər cür şərait yaradılıb.

U-21 beynəlxalq turnirlərə qatılır, milliləşdirilmiş futbolçular cəlb olunur, baş məşqçinin sərəncamındakı oyunçuların böyük əksəriyyəti Premyer Liqa təmsilçiləri ilə məşq edir.

Buna baxmayaraq, nə oyun, nə də nəticə baxımından irəliləyiş var. Obradoviçi Azərbaycana urcah edənlər isə kənara çəkilib, izləyici mövqeyi tutur.
Elə isə, Milanın fəaliyyətə başlamasından sonrakı nəticələrə nəzər salaq.

U-21 2019-cu ilin iyunundan bu yana Avropa çempionatının iki seçmə mərhələsində ümumilikdə 14 oyuna çıxıb. Bu görüşlərin 11-də meydanı başıaşağı tərk edən milli üzvləri 2 qələbəylə yadda qalıb.

Azərbaycanda baş tutan matçlarda Lixtenşteyn və Slovakiya yığmalarını udmaq mümkün olub. Bu ayın 8-də Finlandiya ilə baş tutan qarşılaşmada bərabərlik qeydə alınıb – 1:1.

Bu ilin mayında Ukraynada Valeri Lobanovskinin xatirə turnirində də iştirak edən gənclər 2 oyunda top dalınca qaçıb. Ukraynanı 1:0 hesabı ilə məğlub edən bizimkilər eyni hesabla Özbəkistana boyun əyib.

Ukrayna ilə daha bir duel yoldaşlıq xarakteri daşıyıb. Bu, 2019-un noyabrına təsadüf edib ki, komandalar hərəyə 1 qol vurmağa nail olub.

Beləliklə, U-21 Obradoviçin dönəmində ümumilikdə 17 matça çıxmaqla 3 qələbə qazanıb, 2 dəfə bərabərə qalıb, 12 halda məğlubiyyətə üzülüb. Və son 7 rəsmi matçda qələbə sevinci yaşanmayıb.

İndi siz deyin, bu nəticələrə yerli məşqçilərdən hansısa biri imza ata bilməzdi? Nəyimizə lazım yüzminləri Serbiyaya daşıyıb (2 ilyarıma qazancı, bəlkə də, milyona çatıb), futbolumuza zərrə qədər də fayda verməyən əcnəbi?

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"