"Mahirə görə çox heyfsləndim" - Serbiyadan İSTİ-İSTİ

13 Oktyabr 2021 21:00 Milli komanda 810
"Mahirə görə çox heyfsləndim" - Serbiyadan İSTİ-İSTİ

“Dünən stadiondaydım. Oyunu yoldaşlarla birgə izlədik.

Olduqca maraqlı qarşılaşma alındı. Açığı, zövq aldıq”.

Millimizin sabiq hücumçusu Branimir Subaşiç Serbiya – Azərbaycan görüşü ilə bağlı (3:1) Sportinfo.az-a açıqlama verib.

Vaxtilə ölkəmizdə “Neftçi”, “Xəzər Lənkəran”, “Qarabağ” və “Qəbələ” kimi komandaların şərəfini qorumuş əslən serbiyalı forvard 90 dəqiqə ərzində gördüklərini şərh edib.

O, Serbiyanın gücünü qabardıb:“Serbiya bu gün kifayət qədər güclü heyətə sahibdir və buna görə də lazım olan nəticələri qazana bilir.

Gördüyünüz kimi, Portuqaliya kimi güclü rəqiblə qrup birinciliyi uğrunda yarışır. Ona görə də Azərbaycanın xal qazanmaq şansı aşağı idi.

Ümumi götürsək, azərbaycanlı futbolçular döyüşdülər, məğlub olmamaq üçün əllərindən gələni etdilər. Amma bu cür oyunlarda olduqca diqqətli olmaq gərəkir”.

Subaşiçə “sizin vaxtınızdakı milli güclü idi, yoxsa indiki” sualını ünvanladıq. Aldığımız cavab belə oldu:

“Yığmada yaxşı futbolçular var. Müqayisə aparmaq istəməzdim. Ancaq soruşursuzsa, heç kimin xətrinə dəymədən onu deyim ki, bizim vaxtımızda daha məzmunlu oyun var idi.

Bəlkə də fikrimdə yanılıram, bəlkə də yanlış düşünürəm. Nədənsə mənə elə gəlir. Yenə deyirəm, keyfiyyətli futbolçular var”.

Fürsətdən istifadə edən Branimir bu oyunda məyus olduğu məqama da toxundu: “Mahirə görə çox heyfsləndim. “Legiya”da möhtəşəm oyun sərgiləyir, qollar vurur.

Onu meydanda görməyi çox istəyirdim. Təəssüf ki, alınmadı. Ola bilsin, qismətində bu yazılıbmış”.

Branimir Subaşiç Azərbaycan millisində meydana çıxdığı 40 oyunda 7 qol vurub.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti