Millidə ondan başqa bir futbolçu yoxdur ki... “Bu, aldadıcı oldu”

13 Oktyabr 2021 19:00 Milli komanda 1 111
Millidə ondan başqa bir futbolçu yoxdur ki... “Bu, aldadıcı oldu”

"Açığı, deməyə söz yoxdur".

Bunu Sportinfo.az-a açıqlamasında Azərbaycan millisinin DÇ-2022-nin seçmə mərhələsində Serbiyaya məğlubiyyətini (1-3) şərh edən Azər Bağırov deyib.

PRO kateqoriyalı məşqçimiz millinin çox zəif çıxış etdiyi və alınan məğlubiyyətlərdən sonra De Byazinin də ümidləri doğrultmaması qənaətindədir:

"Məğlubiyyət olanda istənilən məşqçinin arqumentləri olmalıdır. Ki, filan faktlara görə məğlubiyyət olub. Müdafiəmiz həddindən artıq zəif oynadı.

Hücum xəttində Mahir Emrelinin olmaması çətinliklər yaratdı. Onun əsas millinin aparıcı üzvü olması artıq sirr deyil.

Renat Dadaşovun əsas heyətdə olması təəccüb doğurdu. Hər kəs Mahirin yoxluğunda Ramil Şeydayev və ya Namiq Ələsgərovun meydanda olacağını düşünürdü.

Məhz onlar birə-bir mübarizələrdə rəqiblərini keçə bilərdilər. Həm də nəzərə alaq ki, Renat uzun müddət idi millidə yox idi.

Dünən meydanda Şahruddin Məhəmmədəliyevdən başqa fərqləndirə biləcəyimiz bir fiqur yox idi. Təssüflər olsun ki, yenə məğlub olduq.

Neçə illərdir olduğu kimi, yenə qrupda sonuncu pillədəyik. Görsənən odur ki, De Byazi də etimadı doğrultmadı. Onunla müqavilənin uzadılmasının nə dərəcədə doğru olduğunu rəhbərlik biləcək"

Oyundan sonra De Byazinin dediyi "zamana ehtiyacımız var" fikrinə münasibət bildirən Bağırov çıxış yolunu qlobal dəyişiklərdə görür:

"İki il az zaman deyil. Bu müddətdə ortaya yaxşı nəsə qoymaq olardı. İlk vaxtlar məşqçi dəyişikliyi yaxşı nələrsə göstərdi.

Məncə, bu aldadıcı oldu. Məğlubiyyətlər onu göstərir ki, qlobal dəyişiklər etmək lazımdır. Belə dəyişikliyin kökündə də aşağı yaş qrupları dayanır.

Görüləsi çox işlər var. Aşağıda böyük problemlərin olduğu görsənir. Zaman elə bir şeydir ki, əks təsir də göstərə bilər. Mənə elə gəlir ki, artıq çox şeylər bilinir".

Digər Xəbərlər
Xəbər Lenti