Ay Byazi, de görüm, təzyiq başqa necə olur?

12 Oktyabr 2021 19:20 Milli komanda 461
Ay Byazi, de görüm, təzyiq başqa necə olur?

Albaniya millisini Avropa çempionatına aparmaqla məşhurlaşan Canni De Byazinin "ulduz şamı" Azərbaycan millisində hər keçən gün əriyib yox olmaqdadır.

Milli komanda onun rəhbərliyi altında meydana çıxdığı 12 rəsmi matçda cəmi 1 qələbə qazanıb. O da dünən Malta ilə bərabərə (2-2) qalan Kipr millisi üzərində.

Qeyri-rəsmi görüşlərdə Qətər, Moldova kimi millilərdən alınan məğlubiyyətləri isə heç dilə gətirmirik. Bütün bunların müqabilində haqlı olaraq De Byazi gecə-gündüz tənqid olunur. İstər mətbuat, istərsə də azarkeşlər onu qınayır.

Düzdü, əsas günahlar hazırkı AFFA rəhbərliyindədir. Futbolumuzun, millimizin hazırkı ağrılı durumuna onlar cavabdehdir. Ancaq bu o demək deyil ki, De Byazi məsuliyyətdən qaçmalıdır. Ən azı uğursuzluqda narahat olmalı, hətta üzr istəməlidir.

Amma görünür, bütün bu qınaqlar, uğursuzluqlar zərrəcə də italiyalının vecinə deyil. Hər halda onun bu gün Serbiya ilə baş tutacaq oyun öncəsi mətbuat konfransında verdiyi açıqlamanın başqa izahını tapa bilmədim.

Sitat: "Üzərimdə hər hansı təzyiq hiss etmirəm. Adətən qrupda ilk yerdə gedən komandalar təzyiq hiss edir. Bizim qrupdakı mövcud vəziyyətimiz bir qədər rahat çıxış etməyimizə zəmin yaradır”.

Ay De Byazi, bu qədər təhqir, tənqid olunan nə mənəm, nə də mənim komandam. Təzyiq başqa necə olur? Ümumiyyətlə, bu qədər biabırçı nəticələrdən sonra necə rahat ola bilirsiniz?

İnsanda abır-həya yaxşı şeydir. 6 oyuna 1 xal qazan, doğma meydanda İrlandiya kimi ortabab milliyə darmadağın ol və get Belqraddan belə bir açıqlama ver. Bir millini təhqir etmək bundan başqa necə olur? Məncə, olmur!

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti