“Nə vaxta kimi Premyer Liqada 8 klub olacaq, biz də bunun acısını çəkəcəyik”

12 Oktyabr 2021 22:40 Milli komanda 745
“Nə vaxta kimi Premyer Liqada 8 klub olacaq, biz də bunun acısını çəkəcəyik”

"Çox təəssüf ki, millimiz yenə bizi məyus elədi. Kimin üçünsə evdə İrlandiyaya 0:3 uduzmaq gözlənilməz ola bilər.

Səfərdəki 1-1 bərabərliyə rəğmən evdəki ağır məğlubiyyət mənim üçün gözlənilən idi.

Oradakı oyunun ikinci yarısında da irlandların yetəri qədər qol şansları olmuşdu".

Azərbaycan millisinin DÇ-2022-nin seçmə mərhələsində doğma meydanda İrlandiyaya məğlubiyyətini (0-3) Sportinfo.az-a şərh edən Bəxtiyar Musayev deyib.

Millimizin sabiq yarımmüdafiəçisi əsas millinin bugünkü nəticələri bir yana, heç gələcək üçün də bir ümid görmədiyini qeyd edib: "Ən ağır olan odur ki, məğlubiyyətlərlə bərabər bizə ümid verən nəsə də yoxdur. Bəzən yaxşı oynasan da məğlubiyyətlər alırsan. Amma hazırkı millidə məğlubiyyətlə bərabər nə ümidverici oyun, nə məşqçi işi, nə də bir sistem görsənmir. Məşqçinin oyuna heç bir müdaxiləsi yoxdur. İrlandiya ilə oyunda ikinci hissə guya nəsə tərpəniş oldu. Əvəzetmələr hamısı kor-koranə edilirdi. De Byazi ağlına gələn dəyişikləri edirdi. Antonun yerinə meydana çıxan Araz Abdullayev sol cinah müdafiəçisi kimi çıxış edirdi. Onun bu mövqedə oynadığı yadıma gəlmir".

O, bütün problemlərin kökündə dayanan səbəbi də açıqlayıb: "Milli komandamızda neçə vaxtdır inkişafa doğru qığılcım yoxdur. Nə vaxta kimi Premyer Liqada 8 klub olacaq, bölgələrimiz futbolsuz qalacaq, biz də bunun acısını çəkəcəyik. İlk növbədə burdan başlamaq lazımdır. Bu şərtlər altında milli komandadan nəsə gözləməyə dəyməz. Klub sayı az, futbolçu sayı azdı. İllərdi bu barədə danışılır. Amma əməli işlər görülmür. Bu barədə düşünmək lazımdır".

Musayev milli komandamızın bu gün baş tutacaq Serbiya ilə matçı haqqında isə qısa danışıb: "Bu gün də Serbiya ilə oyunumuz var. İrlandiya millisinə qarşı doğma meydanda acı məğlubiyyətlə bərabər, həm də biabırçı oyunla yadda qalırıqsa, Belqradda nəyəsə ümid etməyə dəyməz. Hər tsıkılda millimizin surpriz nəticələri olur. Bəlkə Serbiyada da belə bir bərabərlik qeydə alındı. Olası deyil, amma olsa da bunun adı təsadüfdən başqa bir şey deyil. Bəzən minimal hesablı məğlubiyyətimizi belə bəziləri şişirdir. Güya milli yaxşı oynayıb. Amma reallıq belə deyil".

Digər Xəbərlər
Xəbər Lenti