Azərbaycan millisinin baş məşqçisi - "Uduzmağa nifrət edirəm"

10 Oktyabr 2021 09:20 Milli komanda 3 633
Azərbaycan millisinin baş məşqçisi - "Uduzmağa nifrət edirəm"

"Əsas problem erkən qol buraxmağımız oldu. Bu, komandanı əsəbiləşdirdi. Matça fərqli formada hazırlaşmışdıq".

Sportinfo.az xəbər verir ki,"bunu Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Bakıda İrlandiyaYya 0:3 hesabı ilə uduzduqları 2022-ci il dünya çempionatının seçmə oyunundan sonra mətbuat konfransında deyib.

65 yaşlı mütəxəssis bildirib ki, hesabda geri düşəndən sonra futbolçular lazımsız hərəkətlər ediblər:

"Topla çox oynayır, tez-tez geri ötürmələr edirdilər. İlk hissənin statistikasına baxsaq, üstünlük bizim tərəfimizdə idi. İkinci yarıda da yaxşı qol imkanlarımız oldu.

Təbii ki, əvəzetmələrdən sonra balans pozudu. Nəticədə 3-cü qolu buraxdıq. Bəxtsizlik amili də var. Bəzi zədəlilərimizin olduğunu nəzərə alsaq, yaxşı oynadıq. Komandamız inkişaf edir. Bu, sevindirici haldır".

İtaliyalı baş məşqçinin sözlərinə görə, məqsəd ilk dəqiqələrdən pressinq etmək idi: "Rəqibə çətinlik yaşatdıq. Amma erkən qol planlarımızı pozdu. Hesabı bilməyən adam bizim qalib gəldiyimizi düşünərdi. 90 dəqiqə yaxşı oyun göstərməyimizdən razı qaldım. Sadəcə, nəticə ədalətsiz oldu. Yaxşı qol imkanları yaxalasaq da, alınmadı. Bilmirəm, rəqib qapıçı yaxşı oynadı, yoxsa biz bacarmadıq. Amma futbolçularıma dedim ki, başınızı dik tutun".

De Byazi uğursuzluğa görə məsuliyyəti öz üzərinə götürüb: "Bütün günah mənimdir. Amma udduğumuz və heç-heçə etdiyimiz matçlar komandanın uğurudur. Bəzi detalları ətraflı müzakirə etmək olar. Qrupda sonuncu olduğumuz üçün mən günahkaram".

Təcrübəli mütəxəssis yığmaya vaxt lazım olduğunu deyib: "Ümid edirəm ki, tez zamanda azarkeşlərimizi sevindirmək olar. 14 aydır Bakıdayam. Bu, 17-ci matçımız idi. Əvvəlcə evin özülünü qoyurlar, sonra üstünü tikirlər. Səbrli olmaq lazımdır. Bu cür işləri birdən-birə görmək olmaz. Proses yavaş-yavaş gedir. Gənc futbolçularımız inkiaşf etməlidir".

Baş məşqçi bildirib ki, hər dəfə uduzmaq, imicinə mənfi təsir edir: "Albaniya ilə başlayanda da vəziyyət belə idi. Sadəcə, orada futbolçuların çoxu ölkə xaricində çıxış edirdi. Millidə nəticələr yaxşılaşdıqca, oyunçular daha yaxşı klublara keçdilər. Addım-addım irəliləməliyik. Bir neçə futbolçumuzun ölkə xaricinə getməsi bizə xeyirdir. Çempionatda 8 komanda var, onların isə yarısı legionerdir. Uduzmağa nifrət edirəm. Serbiyada bizi ağır matçın gözlədiyini bilirik. Amma oraya yaxşı nəticə üçün gedəcəyik".

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"