Azərbaycan millisi sabah növbəti oyununu keçirəcək - DÇ-2022-nin seçmə mərhələsində İrlandiya ilə görüşəcək.
Bu qarşılaşma Canni de Byazinin komandası üçün formal xarakter daşıyır.
Çünki ilk 5 matçında cəmi 1 xal toplayan millimiz final mərhələsi şansını rəsmən itirib.
Həmişəki kimi, sonuncu olmamaq üçün mübarizə aparırıq. Yığmanın budəfəki rəqibi turnir cədvəlindəki qonşusu, yeganə xalını aldığı İrlandiya olacaq. Autsayderlərin dueli Bakı Olimpiya Stadionunda keçiriləcək.
Səfərdə uduzmadığımız rəqib ən zəif dövrlərindən birini yaşayır. Bundan yararlanmaq imkanı olan millimiz tsikldə ilk qələbəsini qazanmalıdır. Bu, son pillədən qurtulmaq imkanı verəcək.
Öz meydanında Serbiyaya 1:2, Portuqaliyaya 0:3 hesabı ilə uduzan yığmamız doğma azarkeşləri önündəki xal həsrətinə son qoymalıdır.
Düzdür, bu görüşdəki heç-heçə də məğlubiyyətdən fərqlənmir. Çünki bir xal İrlandiyanı keçməyə yetərli olmayacaq.
Qarşıdakı çətin Serbiya səfəri ərəfəsində qazanılacaq müsbət nəticə Belqrada da yaxşı əhval-ruhiyyədə yollanmaq imkanı verəcək.
Millimiz növbəti oyununu oktyabrın 12-də Belqradda Serbiyaya qarşı keçirəcək. Bu iki qarşılaşma De Byazinin futbolçularına 80 min manat qazandıra bilər.
Əldə olunacaq 6 xalın müqabilində AFFA tərəfindən komanda üzvlərinə vəd edilən mükafat buqədərdir. Federasiya heç-heçəyə imza qarşılığında 20 min manat ödəyəcək.
AFFA-nın Dublində qeydə alınan 1:1 hesablı bərabərliyə görə oyunçulara 20 min verdiyini xatırladaq.
SPORTİNFO.AZ

