Millilərin oyunları ilə bağlı çempionatda yaranmış fasilə bəzilərinin işinə yaradı.
Əvəzində kimlərinsə planlarını pozmuş oldu.
İndiki vəziyyətdə baş məşqçiləri narahat edən əsas məqam komanda ilə birlikdə olan futbolçuların oyun təcrübəsinin azlığından əziyyət çəkməməsidir. Bunun üçünsə yoldaşlıq görüşləri köməyə gəlir.
“Keşlə” də fasilə dönəmində sınaq matçı keçirmək niyyətindədir. Rəqib axtarışına çıxan “qırmızılar” istəyinə çatıb. Ölkə kubokunun son qalibi oktyabrın 9-da “Sumqayıt”la qarşılaşacaq.
Lakin oyunun başlama vaxtı və keçiriləcəyi məkan haqda dəqiq məlumat yoxdur. Daha doğrusu, bu yöndə müzakirələr davam edir.
“Keşlə”ylə “Sumqayıt” yayda ölkəmizi avrokuboklarda təmsil etsələr də, mübarizəni ilk mərhələdəcə dayandırmışdılar. Çempionatdakı işləri də qaydasında getmir. 6 turdan sonra sumqayıtlıların 7, bakılıların 4 xalı var.
SPORTİNFO.AZ

