Azərbaycan millisi oktyabrın 9-da DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində növbəti matçına çıxacaq.
Rəqib ötən ayın bu günündə Dublində bərabərə qaldığımız (1:1) İrlandiya yığmasıdır.
İrlandiya millisinin hazırkı durumunu və oyunun Bakıda keçiriləcəyini nəzərə alsaq, Canni de Byazinin yetirmələrinin qələbəyə yaxın olduğunu deyə bilərik.
Lakin buna da adamın inanmağı gəlmir. Çünki milli, son illər doğma şəhərdə keçirdiyi rəsmi matçlarda qələbənin nə olduğunu bilmir.
Statistika üzərində kiçik “gəzişmə” etməli olsaq, ölkənin bir nömrəli futbol komandasının Azərbaycanda sonuncu qələbəsini 3 il əvvəl – 2018-in noyabrın 17-də Farer adaları üzərində qazandığını görərik.
Həmin vaxt “sükan” arxasında Qurban Qurbanov idi ki, milli Bakı Olimpiya Stadionunda 2:0 hesablı qələbəyə sevinmişdi.
Yığma o vaxtdan sonra, yəni Nikola Yurçeviçlə Canni de Byazinin yığmaya rəhbərlik etdiyi dönəmdə Bakıda 8 rəsmi oyun keçirsə də, 3 xalın sevincini yaşaya bilməyib. Bu isə, sıradan rəqəm və göstərici deyil.
Maraq üçün xatırladaq ki, milli rəsmi görüşlərdə sonuncu qələbəsini ötən ilin sentyabrın 8-də əldə edib.
Millətlər Liqası çərçivəsində Nikosiyada baş tutan oyunda bizimkilər Kipr yığmasını 1:0 hesabı ilə məğlub etmişdi. O gündən bu yana 9 rəsmi matçda qalibiyyət əldə olunmayıb.
HƏBİB / Sportinfo.az

