Dünya çempionatı-2022-nin seçmə mərhələsi çərçivəsində oktyabrın 9-da Bakıda İrlandiya, oktyabrın 12-də isə Belqradda Serbiyai ilə qarşılaşacaq Azərbaycan komandasının heyəti açıqlanıb.
Açıqlanan heyətdə iki ildən artıqdır milliyə dəvət almayan "Sabah"ın müdafiəçisi Bəxtiyar Həsənalizadə də var.
Sonuncu dəfə Qurban Qurbanovun milli komandada çalışdığı dönəm əsas milliyə dəvət alan Həsənalizadə bir ay əvvəl Canni De Byazinin 3 günlük yoxlanış xarakterli toplanışa dəvət alsa da bu dəfə rəsmi oyunlar üçün millimizə çağrılıb.
Təcrübəli futbolçu uzun aradan sonra Azərbaycan millisinə dəvət alması ilə bağlı fikirlərini Sportinfo.az-la bölüşüb:
"Çağrılacağımı gözləyirdim. Şükürlər olsun ki, milli komandaya yenidən dəvət almağımı Allah qismət elədi.
Təbii ki, çağırılmaqla iş bitmir. Milli komandaya xeyir vermək lazımdır. Ümid edirəm ki, qarşıdakı iki oyunda yaxşı nəticələr qazanarıq.
Şans veriləcəyi halda özümü oynamağa hazır sayıram".

