De Byaziyə təcili məktub – Haydi, Canni, onu milliyə gətir!

30 Sentyabr 2021 09:40 Milli komanda 1 641
De Byaziyə təcili məktub – Haydi, Canni, onu milliyə gətir!

Messinin qolu, “Şerif”in “Real” üzərində qələbəsi, “Milan”ın 3 xalı əldən verməsi – bu və digər gözəlliklər kənarda qalmışdı, hamı “Ayaks” – “Beşiktaş” oyununda baş vermiş bizim üçün əlamətdar sayılan hadisədən danışırdı.

Azərbaycanın U-19 millisinə cəlb olunan Berkay Vardar adlı Azərbaycanda doğulduğu deyilən futbolçu 18 yaşında həm “Beşiktaş”da, həm də Çempionlar Liqasında debüt etdi.

İnsafən, meydanda olduğu 17 dəqiqə ərzində oyunu heç də pis alınmadı.

İndi Berkayın evindəkilər, “Beşiktaş”ın başındakılar nə fikirləşir, bilmirəm.

Amma Türkiyə millisindəki əsas söz sahibləri mütləq ki, 2003-ün yanvarın 14-də dünyaya gələn gənc futbolçuya şanlı formanı geyindirməyin planlarını cızır. Haqqları var, necə də olmasa, öz cocuğlarıdır, ad-soyadı üstündə - Berkay Vardar.

Hə, indi “kim birinci tərpəndi” məqamıdır. Yəni hansı yığanın rəsmi matçında Berkaya meydana çıxmaq şansı verilsə, vəssalam, ömürlük həmin komandaya qismət olacaq.

Belə vəziyyətdə Canni de Byazi sayıq tərpənməlidir. “Ayaks” – “Beşiktaş” qarşılaşmasını izləyib-izləmədiyindən xəbərsizəm. Hətta oyuna baxmayıbsa belə, təkrarını mütləq gözdən keçirməli, günü bu gün Berkaya zəng vurub təbrik etməli, dəstək verməlidir.

Bir neçə gündən sonra İrlandiya və Serbiya üçün açıqlanacaq heyət üçünsə mütləq və mütləq “Beşiktaş”lıya dəvət göndərilməlidir.

Gəncdir, təcrübəsizdir – fərq etmir, 18 yaşında Çempionlar Liqasında debüt edən futbolçuya təcili milli formanı geyindirmək lazımdır.

Gecikmək olmaz! Əli Qurbani, Höccət Haqverdi, Filip Ozobiç üçün necə canfəşanlıq göstərilmişdisə, bu işdə də son dərəcə çevik tərpənmək lazım gəlir.

Yeri gəlsə, lap ata-anasının ayağına gedib, halallıq və razılıq alınmalıdır. Tez-tələsik bu məsələni həll etmək gərəkir.

Haydi, Canni! İrəli, Canni!

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti