AFFA millinin baş məşqçisi Canni De Byaziyə ona gələn təkliflərlə bağlı danışıqlar aparmağa razılıq verib.
İtalyan çalışdırıcı artıq seçim etməkdə sərbəstdir.
Bu, o deməkdir ki, federasiya 65 yaşlı əcnəbi mütəxəssislə sözləşmənin müddətini uzaqtmaqda maraqlı deyil.
Dünən məlumat vermişdik ki, De Byazi AFFA -ya öz narahatlığını ifadə edib. O, müqaviləsinin uzadılıb-uzadılmayacağını indidən bilmək istəyib.
Apenninli sükançının 1,5 illik sözləşməsi bu ilin sonunda başa çatacaq. Yığmamızn onun rəhbərliyi altında Millətlər Liqasında fiaskoya uğrayıb.
DÇ-2022-nin seçmə mərhələsində də uğursuz çıxış edirik. A qrupunda yer alan komandamız 6 turdan sonra 1 xalla sonuncu pillədə yer alıb.
65 yaşlı mütəxəssis başqa təkliflərinin olduğunu bildirərək, AFFA-dan onunla bağlı qərarın tez verilməsini tələb edib.
Federasiya prezidenti Rövnəq Abdullayevin De Byaziyə münasibəti əvvəldən mənfidir. O, hələ bu təyinatdan əvvəl İcraiyyə Komitəsinin (İK) toplantısında milliyə əcnəbi baş məşqçinin gətirilməsinin əleyhinə çıxıb.
SPORTİNFO.AZ

