Xalqın pulunu De Byazi kimi qocalara xərcləmək bizləri söyməkdir

9 Sentyabr 13:00 Milli komanda 615
Xalqın pulunu De Byazi kimi qocalara xərcləmək bizləri söyməkdir

Bizə gələnin ya ağlı olmur, ya da gəlib burda ağlını itirir.

Məsələn, italiyan Canni De Byazi kimi.

Albaniya millisini Avropa Çempionatına aparan mütəxəssis böyük səs-küylə millimizin başına gətirildi.

Elə özü də ilk günlər verdiyi açıqlamalarla əksəriyyətin qəlbini oxşamağı bacardı. Amma zaman göstərdi ki, həmin səs-küy baş aldatmaqdan başqa bir şey deyilmiş.

Bakıya ayaq basanda böyük nəticələrin mümkünlüyündən danışan bu qoca, indi söyüşlə danışmaq həvəsinə düşüb.

Portuqaliya ilə görüşdən sonra keçirilən mətbuat konfransında "Lüksemburqla oyundan sonra sosial şəbəkələrdə müzakirə olundu ki, heyəti qurmaqda işinizə müdaxilə edilir, xüsusən də, "Sumqayıt"ın oyunçuları ilə bağlı məsələdə..." deyə ona sual verilib.

Yaşından başından utanmayan qoca italiyan isə "Özüm heç vaxt sosial şəbəkəyə baxmıram. Sizə də məsləhət görərdim ki, ora baxmaqla vaxtınızı boş yerə keçirməyin. Mənə heç kim deyə bilməz ki, onu oynat, bunu oynatma. İndiyə qədər çalışdığım yerlərdə heç vaxt belə şey olmayıb, ola da bilməz. Öz düşüncəm var, buna uyğun iş görürəm. Bunu söyüşlə ifadə etmək istərdim, amma qalsın" deyib.

Əvvəl-əvvəl De Byazinin utanmaq hissini bu həddə itirməyinə "əşşi qocadı" deyib üstündən keçdim. Amma bir qədər fikirləşəndən sonra düşündüm ki, həddini belə aşmağın bəlkə də qocalıq yox, səni ora təyin edənlərlə ünsiyyətin bəhrəsidir. Çünki söyüş söyməyi onlar yaxşı bacarır.

Söyüş mütləq kiminsə əzizini söymək deyil. Məsələn, xalqın pulunu De Byazi kimi qocalara xərcləmək də bizləri söyməkdi. Gedib cırtdan ölkələrə məğlub olmaq da bizlərə söyüşdür. Bu xüsusda o qədər söyüş sadalamaq olar ki...

Xanoğlan İmanov

Digər Xəbərlər
Xəbər Lenti
19 Oktyabr 23:20 Ağayevə gələn dəvət