Milli komandamız DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Bakıda Portuqaliyaya məğlub oldu.
Təkcə məğlub olsaydı nə vardı. Dünən rəqib futbolçular milli komandamızı meydandakı hərəkətləri ilə həm də ələ saldı.
Bernardo Silvanın qoluna, Joau Konselunun cinahdakı fintlərinə verməyə başqa ad tapmadım. Hələ Dioqu Jotanın qoluna Höccət Haqverdinin necə baxmasını demirəm.
Deyəsən bu durum futbolçularımıza da çox pis təsir edib. Əbəs deyil ki, oyundan sonra millimizin üzvləri ard-arda sosial şəbəkələrdə öz üzüntülərini ifadə edib, azarkeşlərdən üzr istəyirlər.
Öncə komandamızın qapıçısı Şahruddin Məhəmmədəliyev sosial şəbəkə hesabından belə bir paylaşım edib: "Azərbaycan milli komandasının formasını geyinmək mənim üçün böyük şərəfdir. Sizi sevindirə bilmədiyimiz üçün üzr istəyirik".
Şahruddinin ardınca 28 yaşlı müdafiəçimiz Təmkin Xəlilzadə də ağır məğlubiyyətə görə söz tapmadığını bildirib: “Kəlmələrə sığmayacaq qədər üzgünəm. Hər zaman yanımda olan, dəstək verən azarkeşlərimdən üzr istəməyi özümə borclu bilirəm!”.
Digər milli futbolçumuz Qara Qarayev isə azarkeşlərə səslənərək: "Şübhəsiz ki, siz daha çox qalibiyyətlərə layiqsiniz" deyib.
Görünür, artıq futbolçularımız da başverənlərdən təngə gəliblər. Edilən tənqidlərdən yorulublar. Və ən azından belə bir vəziyyətdə üzr istəməyi özlərinə borc bilirlər. Bununla vicdan rahatlığı tapmağa çalışırlar. Həqiqətdə isə bu uşaqlar üzr istəməli və ya vicdanları narahat olmalı ən axırıncı adamlardı.
Əsl günahkar isə şübhəsiz AFFA-dır. Məhz bu qurumun yumuşaq kreslolarında oturub, futbolumuza cavabdehlik daşımalı olan şəxslər üzr istəməli, vicdanları sızlamalı və istefa verib getməlidirlər. Amma üzr, istefa, vicdan sizlaması kimi mənəvi məsələlər federasiya rəsmilərin vecinə də deyil. Olsa ən azından indiyə kimi cıqqırları çıxardı.
Onları maraqlandıran yeni maxinasiya məbələridir. Ki, o da öz əli gəlib. Təbii ki, AFFA rəsmilərinin istəyinə uyğun olaraq.
Yəqin ki, Bert Foqtsla başlayan əcnəbi sevdası Canni De Byazidən sonra da davam edəcək. Görəsən, bu dəfə hansı əcnəbini millimizə urcah edəcəklər?
Hazırda AFFA rəsmilərini də istefa, üzr, üzülmək yox, məhz elə bu sual düşündürür. Bəlkə heç düşünməyə də ehtiyac yoxdur və cavabları indidən hazırdı. Axı hazırcavab oğlanların elə ən yaxşı bacardığı iş budur.
Xanoğlan İmanov

