"Ronaldonun olmaması Azərbaycan millisi üçün pisdir"

7 Sentyabr 2021 17:00 Milli komanda 1 403
"Ronaldonun olmaması Azərbaycan millisi üçün pisdir"

Bu gün DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi doğma meydanda Portuqaliyanı qəbul edəcək.

Futbol mütəxəssisi Əfqan Talıbov oyunla bağlı fikirlərini Sportinfo.az-a danışıb:

"Milli komandamız üçün vacib olan müdafiəçilərin yoxluğu fonunda Portuqaliya önündə böyük çətinlik yaşayacağıq.

Rəqib Qətərlə rahat bir oyun keçirdi. İstədiyi taktiki gedişləri yoxladı. Çünki Qətər də oyunun böyük hissəsini müdafiədə oynadı.

Çox açılmağı istəmirdilər, amma buna baxmayaraq 3-1 məğlub oldular. 4 günə 2 oyun keçirən futbolçular bu gün meydanda olacaq. Belə çox çətindir".

Talıbov cinahlardan rəqibin daha təhlükəli olduğunu önə çəkib: "İrlandiya ilə oyunda Quedeşin 2 asması oyunun taleyin həll etdi. Mərkəzi bağlayıb, rəqibin zərbələr vurmasına və ara ötürmələri etməsinə biz imkan vermirik. Amma cinahlardan gələcək kəskin ötürmələrə də hazır olmalıyıq. Demək olmaz ki, biz tam olaraq arxaya qapanacağıq. Mütləq ki, əks-hücumlar üçün yaxşı fürsətlərimiz olacaq. Böyük potensiala malik Nuriyev və Rəhim Sadıxov kimi oyunçulardan istifadə olunmalıdır ki, həmin hücumlara çıxa bilək. Yoxsa çox çətin olacaq.

Portuqaliya az qüvvə ilə nəticə qazanmağa çalışacaq. Əgər ilk 15 dəqiqədə qol vura bilməsələr ilk oyundakı kimi hücumlarda tələskənliyə yol verəcək. Heyətdə kimlər olacaqsa səhvləri minimuma endirməlidir. Topu hara gəldi vurmaq oyunumuzu daha da korlamış olacaq. Təzyiq olacağı dəqiqdir. Kor-koranə uzaqlaşdırma vəziyyəti daha da bərbad edə bilər.

Rəqibin gücü hər kəsə məlumdur. Ancaq bu gün evdə oynayırıq. Son oyunda İrlandiyadan bir xalla qayıtmışıq. Komandada özünə inam var. Bir az aqressiv oynamaq lazımdır".

O, nə qədər təəccüblü səslənsə də dünya ulduzu Ronaldonun bu gün meydanda olmamasının bizim ziyanımıza olacağı qənaətindədir: "Ronaldonun olmaması bizim üçün pisdir. O, meydanda bəzən ehtiyatlanır. Bundan başqa fərdi keçidlərə, baxımlı qolla üstünlük vermək istəyir. Amma digər futbolçular daha diqqətli olacaq və özünü göstərməyə çalışacaq. Biri var hər 2-3 ötürmədən sonra Ronaldonu yada salsınlar, biri də var komanda oyunu oynasınlar. Belə məqamda bütün futbolçulardan təhlükə gözləməyə məcburuq".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti