Milli komandamızın sabiq yarımmüdafiəçisi Rəşad Sadiqov DÇ-2022-nin seçmə mərhələsinin bu gün baş tutacaq- Portuqaliya ilə qarşılaşma barədə düşüncələrini Sportinfo.az-la bölüşüb:
"Portuqaliya ağır rəqibdir. Avropanın top-5 millilərindən biri deyərdim. Düzdü, İrlandiya millisi ilə heç-heçə etdik.
Və bundan sonra futbolçularda, azarkeşlərdə inam var ki, bəlkə, Portuqaliyaya qarşı da nəsə etmək olar. Çətin oyun olacağını hər kəs bilir.
Rəqibin heyətində olan futbolçular hamıya məlumdur. Ronaldonun olmamasına baxmayaraq digər futbolçular da top-5 liqalarda oynayanlardı. Rəqib 3 xalı hədəfləyib".
Əsas milli komandada 20 oyun keçirmiş futbolçu belə oyunlarda uğurlu nəticə üçün inanmağın əsas üstünlük olduğunu bildirib:
"Mənim təcrübəmdən nəyisə tövsiyə etməyim düz olmaz. Çünki komandanın baş məşqçisi var. Meydanda nə lazım olduğunu oyundan əvvəl deyəcək.
Sadəcə, meydana çıxan futbolçuda ən əsası inam lazımdır. Ki, bu rəqibə qarşı oynamaq olar. Məğlub olsan da inamla meydana çıxsan yaxşı futbol oynaya bilərsən.
Bəlkə bəxtimiz gətirər, yaxşı nəticə də qazana bilərik. Hər birimiz xal və xallar qazanmağı çox istərdik".

