“Lüksemburqla oyunun əvvəlinə baxdım, gördüm milli pis gündədir. Açığı, sonrasına baxmadım, əsəblərim dözmədi, kanalı çevirdim. İrlandlarla görüşü də izləməmişəm”.
Bu sözləri Azərbaycan millisinin tanınmış futbolçularından olmuş Mahir Şükürov yığmanın son iki oyunu ilə bağlı Sportinfo.az-a açıqlamasında deyib.
Vaxtilə ölkənin əsas komandasında kapitan sarğısını da daşımağa imkan tapmış sabiq müdafiəçinin fikrincə, millinin sabah Portuqaliya ilə keçirəcəyi oyunda uğur qazanmaq şansı yox dərəcəsindədir.
Şükürov rəqibin adını eşidəndə, keçmiş günləri yada saldı: “İrlandiya millisi ilə oyundakı heç-heçə futbolçuları ümidləndirməlidir. Sabahkı görüş hansısa ortababa qarşı olsaydı, ruh yüksəkliyini əsas gətirib, uğurlu nəticədən danışmaq olardı. Amma rəqib Portuqaliyadırsa... Yadınızdadırsa, biz oynayan dönəmdə bu rəqiblə qarşılaşmada səfərdə 65 dəqiqə qapımızda top görməmişdik. Əla oynamamışdıq, çox sayda qol vəziyyətləri yaratmamışdıq, amma bir saat qapımızın toxunulmazlığını qoruya bilmişdik. Heç nədən qapımızda qol görüb, toparlanmaqda çətinlik çəkmişdik”.
Vaxtilə portəgizlərə qarşı oynamış Mahir “uğur resepti” verdi: “Bu cür rəqiblərə qarşı oynayırsansa, meydanda can qoymalısan. Sona qədər yorulmadan mübarizə aparmalı, qapından top buraxmamaqla rəqibi özündən çıxmağa məcbur etməlisən. Hamı yumruğu bir nöqtəyə vurmalıdır. Qələbəyə ümid etməyə dəyməz. Ən yaxşı halda heç-heçəyə ümid edə bilərik. Amma buna da inanmağım gəlmir. Çünki Portuqaliyaya da xal lazımdır. Bu cür güclü rəqiblər bizim kimi autsayder komandaları əldən buraxmaq istəmir. Ona görə də son dərəcə diqqətli davranırlar”.
Mahir Şükürov Rəşad Sadıqov, Aslan Kərimov və Kamran Ağayevdən sonra Azərbaycan millisində ən çox oyun keçirmiş futbolçudur (76 oyun, 4 qol).

