Azərbaycan millisi 2022-ci il Dünya Çempionatının seçmə mərhələsində ilk xalını dünən Dublində qazandı.
İrlandlarla çətin görünən səfərdən komandamız 1 xalla qayıtmağı bacardı. Açığı, 90 dəqiqə göstərdi ki, bu komanda heç də biz düşündüyümüz "çəki"də deyilmiş. Hətta Lüksemburq irlandlardan daha sanballı oynamağı bacarmışdı. Sadəcə qələbəyə inanmaq və oynamaq lazım idi. Bu isə həm də pedaqoq sayılan baş məşqçinin üzərinə düşən məsələdir. O isə öz kefində...
Lüksemburqla oyunda onun hələ də bizə qaranlıq qalan heyət seçimi bəlkə də komandamızı 3 xaldan etdi. De Byazi səhvini dilinə gətirməsə də cəmi 3 gün sonra açıqladığı heyətlə əməlində bunu göstərmiş oldu.
Formada olan və meydanda olmağa layiq olan hər kəs start heyətində idi. Düzdü, ilk 10 dəqiqədə rəqib bu heyətə də çətin anlar yaşatdı. Amma tədricən texniki cəhətdən rəqibindən üstün olan oyunçularımız sayəsində topu özümüzdə saxlamaqla oyunu bərabərləşdirə bildik. Fasiləyə bərabərliklə gediləcəyi düşünüldüyü anda Emin Mahmudov hər kəsi yanıltdı. "Neftçi"nin kapitanı uzaq məsafədən vurduğu möhtəşəm qolla komandamızı hesabda irəli çıxardı. Elə bu qolla da De Byazninin lazımsız müdaxiləsi ilə üz-üzə qaldıq.
Ehtiyatında 5 əvəzetmə ilə oyuna ciddi müdaxilə imkanları olduğu halda italiyalının komandadan sanki bir istəyi vardı - müdafiə! Nə vaxta kimi? Dəqiqə 50, 60, 70, 80, bəs sonra? Hardasa bu mənasız istək millimizə baha başa gəlməliydi. Ki, gəldi də. 86-cı dəqiqədə cərimə meydançasına edilən növbəti asma bərabərlik qolu ilə nəticələndi. Bəxtimiz gətirməsəydi qısa müddətdə rəqib qələbə qolunu da vura bilərdi.
Lüksemburqa məğlubiyyətə De Byazinin heyət seçimi səbəb olmuşdusa, Dublində verilən yalnış qərar komandamızı 3 xaldan etdi.
Məşqçidən fərqli olaraq futbolçularımıza isə əhsən düşür. Ki, belə anormal qərarlar verən birinin rəhbərliyi altında olsa da öz istəkləri və fərdi keyfiyyətləri hesabına seçmə mərhələdə xalsız qalmağımıza imkan vermədilər. Buna görə hər birinə "sağ ol" düşür, amma bu xala sevinmək yox, ağlamaq və bir az da düşünmək lazımdır.
Xanoğlan İmanov

