"Lüksemburqla oyunu izlədim. Sözün düzü ilk hissə çox pis oynadıq.
Bunu da onunla bağlayıram ki, heyət və taktiki sistem düz seçilməmişdi. Bu, mənim şəxsi fikirimdir.
Kimsə başqa cür düşünə bilər. Düşünürəm ki, ilk hissədə ikinci hissədə olan heyət və sistem olsaydı Lüksemburqu hətta böyük hesabla uda bilərdik.
Çünki ikinci hissə meydana çıxan futbolçular hazırda formadadırlar. Lüksemburqu udmaq istəyiriksə, 8 müdafiəçi ilə futbolu oynamamalısan".
Bu sözləri Sportinfo.az-a açıqlamasında millimizin Lüksemburqa məğlubiyyətini şərh edən Asif Məmmədov deyib.
"Qəbələ"nin yarımmüdafiəçisi daha çox Mahir Emrelinin ehtiyatda qalmasına təəccübləndiyini bildirib:
"Mahir Emreli hazırda formada olan, avropada qolları sıralayan adamdır. Onu ehtiyatda saxlamaq nə dərəcədə doğrudur? Digər oyunçulara nəsə demək olar, amma Mahiri görmüyəndə, mən şoka düşdüm.
Mahir o yaşda deyil ki, yorğunluğa görə ona istirahət verilsin. Lüksemburqa qarşı oyunda nə istirahət? Bizim indi xal götürə biləcəyimiz yeganə oyun idi".
Təcrübəli futbolçu bu gün oynayacağımız İrlandiya matcı haqqında da öz düşündüklərini dilə gətirib:
"İrlandiya ilə görüş çox ağır olacaq. Ordakı futbolçular da bizim dostlarımız, qardaşlarımızdır. İnanıram ki, uğurlu nəticə olacaq.
Xal gətirmək yaxşı olardı. Bununla həm də üzərlərindəki təzyiqi atmış olardılar. Məncə, heyət və taktika düz seçilsə, uğur qazanmaq olar.
Hazırda yaxşı futbolçularımız var. Çoxu cavandı. Davamlı komandalarda meydana çıxırlar.
Elə götürək, "Qarabağ"da oynayan yerliləri. Evdə və ya səfərdə oynamasından asılı olmayaraq avropada rəqiblərə şans vermirlər.
"Qarabağ"da oynayan 7 oyunçunun yanına bir neçə futbolçu da qoy, bəs edir də. Heyət düz buraxılsa xal qazana biləcəyik".

