“Baş məşqçinin seçmə mərhələsinin sonuna qədər hələ müqaviləsi var”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla deyib.
Bu gün Azərbaycan millisi növbəti oyununu keçirəcək. DÇ-2022-nin seçmə mərhələsində mübarizə aparan yığmamız V turda İrlandiya ilə üz-üzə gələcək.
Dublindəki “Aviva” stadionunda təşkil olunacaq qarşılaşma komandamızın tarixində 271-ci sınaq olacaq.
İlk görüşünü 1992-ci il sentyabrın 17-də Gürcüani şəhərində Gürcüstan yığmasına qarşı oynayıb, 3:6 hesabı ilə uduzan komandamız indiyədək 270 matça çıxıb.
Hesabında 51 qələbə və 73 heç-heçə olan yığma 146 dəfə uduzub. Əvvəlki 270 qarşılaşmada 200 qol vuran futbolçularımız 447 top buraxıb.
Bu, millimizin baş məşqçi Canni de Byazinin rəhbərliyi altında 15-ci sınağı olacaq. İtaliyalı çalışdırıcı ilə keçirilən əvvəlki 14 matçda komandanın hesabında cəmi 2 qələbə var.
4 heç-heçəsi olan milli oyunların yarıdan çoxunda - 8 məğlubiyyət alıb. Futbolçularımız bu görüşlərdə 8 dəfə fərqlənibsə, rəqiblər 15 qola sevinib.
De Byazinin rəhbərliyi altında keçirilən 9 rəsmi xarakterli görüşdə 1 qələbə, 3 heç-heçə və 5 məğlubiyyət qeydə alınıb. 4 qol vuran yığma 9 top buraxıb. Millimiz italiyalı ilə 10-cu rəsmi sınağa çıxacaq.
İrlandiya ilə qarşılaşma rəsmi turnirlərdə 142-ci matç olacaq. Dünya və Avropa çempionatlarının seçmə mərhələləri və Millətlər Liqasında 141 oyuna çıxan komanda indiyədək 16 qələbə qazanıb və 30 heç-heçə edib.
Milli indiyədək 95 dəfə uduzub. Rəqib qapılarına 81 qol vuran futbolçularımız indiyədək 284 top buraxıb.
DÇ-lərdə 62-ci oyuna çıxacaq komandamızın 7 qələbəsi var. 14 heç-heçə edən milli 40 dəfə uduzub. Əvvəlki 61 seçmə oyunda 31 qola sevinən futbolçularımız 109 top buraxıb.
Dublin sınağı millinin tarixində 138-ci səfər matçıdır. Rəqib meydanlarında 16 qələbə və 28 heç-heçəsi olan komandamız 93 dəfə uduzub. Bu görüşlərdə 81 qola sevinən futbolçularımız 292 top buraxıb.
Ötən tur səfərdə Lüksemburqa 1:2 hesabıyla uduzan komandamız hələlik A qrupunda xal qazana bilməyib.
Yığma bu gün İrlandiyaya, sentyabrın 7-də Portuqaliyaya da yenilərsə, De Byazinin istefaya göndəriləcəyi gözlənilir. Hər halda son günlər bununla bağlı istər mediada, istərsə də sosial şəbəkələrdə kifayət qədər xəbərlar yayılıb.
Federasiya rəsmisi bununla bağlı açıqlamasında deyib: “Onadək olduğu kimi, indi də məşqçilər seçmə mərhələ dövründəki fəaliyyəti barədə hesabatı AFFA İcraiyyə Komitəsinə təqdim edir.
Onu da bilirsiz ki, baş məşqçinin təyinatı və ya vəzifədən azad olunması İcraiyyə Komitəsinin səlahiyyətindədir.
Bu gün deyə biləcəklərim bu qədər. Canni De Byazi öz işini davam etdirir”.

