Bu gün DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsində V tura start veriləcək.
Azərbaycan millisi A qrupunda 4-cü matçına çıxacaq.
Canni de Byazinin komandası İrlandiya ilə üz-üzə gələcək. Dublindəki matç autsayderlərin dueli olacaq.
Hər iki kollektiv buna qədər keçirdiyi üç matçda uduzub. Sonuncu sırada olan millimiz irəliləmək üçün mütləq qalib gəlməlidir.
İrlandiya isə heç-heçə ilə də mövqeyini qoruyacaq. Portuqaliyaya 0:1, Serbiya və Lüksemburqa eyni – 1:2 hesabı ilə uduzan De Byazinin komandası uğursuz seriyanı səfərdə qırmağa çalışacaqmı? Ümid edək və axşamın düşməsini gözləyək.
Təəssüf ki, düşərgədən yaxşı xəbərlər gəlmir. Bir neçə futbolçıu ilə baş məşqçi arasında «soyuq ümharibə» havası əsir.
Lüksemburq məğlubiyyəti italyan çalışdırıcını onların gözündən salıb. Artıq kollektivdə De Byaziyə ciddi inamsızlıq yaranıb. Bunu oyunçulardan bəzisi AFFA rəsmilərinə də etiraf edib.
Milli üzvləri baş məşqçinin keçdiyi hazırlıq prosesinin rəqiblərə uyğun olmadığını deyib. Bildiriblər ki, apenninlli çalışdırıcı ağır məşqlərlə onları «yükləyir» və hər kəsin fiziki durumunu incələmir.
Üstələmir, oyunlar barədə köməkçilərinin və futbolçuların özlərinin rəyini soruşmur. Ona bu barədə fikir bildirəndə isə narazı sifət alır, sifətini turşudur.
Başqa sözlə, «heç kim mənə ağıl öyrətməsin, mən necə istəyirəm, elə də işləyirəm» təəssüratı yaradır.
De Byazini şikayət olunan sima halına gətirən digər hərəkəti mətbuat konfransında səsləndirdiyi tənqidi fikirlərdir. Belə ki, o, Lüksemburqa məğlubiyyəti komandasının oyuna istəksiz başlaması ilə əsaslandırmağa çalışıb.
Futbolçular bu rəylə qətiyyən razı deyil. Onlara görə, 65 yaşlı mütəxəssis milliini sırf müdafiə üslubunda oynatmağa çalışır və qələbə qazanmaq barədə düşünmür.
«O, yalnız qol buraxmamağımızı arzulayır və bəzən özünü elə aparır ki, sanki yenə bizi tanımır.
Tez-tez fikrini dəyişir. Dünən təriflədiyi futbolçunu bu gün pisləyir. Kənarda nə danışırsa, gəlib bizə çatır, pis oluruq» - federasiya rəsmilərinə şikayətləniblər.
SPORTİNFO.AZ

